Nəqliyyatı İntelektual İdarəetmə sisteminin ən əhəmiyyətli komponentlərindən olan Coğrafi İnformasiya Sistemlərinin idarə olunması ilə bağlı proqram təimantı və elektron xəritə hazırlanıb.
Bakı Nəqliyyat Agentliyindən (BNA) Unikal.org-a verilən məlumata görə, proqram təminatında Abşeron rayonu, Bakı və Sumqayıt şəhərləri üzrə 34 bölmədən ibarət məkan məlumatları, digər coğrafi məlumatları özündə əks etdirən rəqəmsal xəritə əks olunub:
“Yaradılan CİS (Coğrafi İnformasiya Sistemləri) bazasında yol sərhədləri, yol nişanlanması, kəsişmələr, yol ayrıcı zolaqlar, velosiped yolları, parklanma yerləri, taksi duracaqları, avtobus duracaqları, avtobus zolaqları və s. haqqında məlumatlar yerləşdirilib.
CİS bazası yol və şəhər infrastrukturu haqqında geniş məlumat əldə etmək, müxtəlif hesabatlar, analizlər və emal proseslərini həyata keçirtməyə imkan verir”.Rəsmi məlumata görə, bu rəqəmsal xəritədən istifadə etməklə gələcəkdə naviqasiya sistemi işləməsi üçün lazım olan məkan məlumatlarını əldə etmək də mümkün olacaq: “CİS xəritəsində Bakı, Sumqayıt və Abşeron yarmadasında mövcud olan tarixi yerlər, muzeylər bir sözlə turizm potensiallı məkanların yerləri barədə məlumatlar əks olunduğuna görə Azərbaycanın turizm potensialına da ayrıca töhfə vermiş olacaq. CİS gələcəyin planlaşdırılması, insan və ətraf mühit əlaqələrini modelləşdirmək üçün bizə geniş imkanlar yaradır.
Beləliklə bu gün tam əminliklə deyə bilərik ki, CİS-in meydana çıxması məkan məlumatlarının toplanması, sistemləşdirilməsi, təhlili və xəritləşdirilməsi baxımından yeni mərhələnin başlanğıcını qoyub. Eyni zamanda bildiririk ki, müntəzəm marşrut xətləri üzrə avtobusların vahid mərkəzdən idarə olunması məqsədi ilə Mərkəzləşdirilmiş Dispetçer Xidmətinin yaradılması işləri də artıq yekunlaşmaq üzrədir.
Bununla bağlı işlər iki istiqamətdə aparılıb. Sözügedən xidmətin yaradılması real vaxt rejimində marşrut xətləri üzrə avtobusların hərəkət cədvəlinə və sxeminə riayət olunmasına nəzarət etməyə imkan verəcək”.