Xalq yazıçısı Kamal Abdullanın “Mənim Füzulim” adlı yeni kitabı işıq üzü görüb.
Azərbaycan Dillər Universitetindən Unikal.org-a verilən məlumata görə, müəllifin Məhəmməd Füzuliyə həsr etdiyi esselərindən ibarət olan yeni nəşrdə Səttar Bəhlulzadənin Füzuli əsərlərinə çəkdiyi qrafik rəsmlərdən istifadə edilib. Yazıçı kitabda yer alan ədəbi nümunələrin yazılma tarixçəsini və kitabın çap olunma ideyasını belə əsaslandırır: “Oxucuya, həcmcə kiçik də olsa, kitab kimi təqdim edilən bu mətnin yaranışı necə oldu və bu yaranışın səbəbi nə idi?!
Uzun müddət idi ki, Cahangir Cahangirovun cazibədar “Füzuli” kantatası özünün ən müxtəlif yönlərindən mənim qulağımda səslənirdi. Mən ondan yaxa qurtara bilmirdim. Ən müxtəlif vaxtlarda, ən müxtəlif yerlərdə öz-özünə, heç nədən o, mənim beynimdə, qəlbimdə peyda olurdu. Mən bu musiqi ilə yaşayırdım, onunla nəfəs alırdım. Şövkət Ələkbərovanın ecazkar səsi əlimdən yapışıb məni Füzuli aləminin lap içinə qədər arxasınca gətirib gəlirdi.
Kitabın bədii redaktoru Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev, redaktoru Cavid Zeynallıdır. Kitab “Mütərcim” nəşriyyatında çap olunub.