"101 adda müxtəlif əmtəə nişanlı spirtli içkilər ictimai iaşə obyektlərindən laborator müayinələrə cəlb edilib".
Unikal.org xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli mətbuat konfransında deyib.
Onun sözlərinə görə, ilk fakt dekabrın 23-də "Baku City" kafesində qeydə alınıb: "Həmin andan ekspertlərlə respublikanın əlaqədar qurumları müəyyən tədbirlər həyata keçirib. 101 adda müxtəlif əmtəə nişanlı spirtli içkilər ictimai iaşə obyektlərindən laborator müayinələrə cəlb edilib. İki saat ərzində "Chivas Regal 12" kustar şəkildə saxtalaşdırılaraq istehlaka verilən içkinin tərkibində 76,6 faiz metil aşkar edilib. Bu da insan sağlamlığı üçün çox zərərlidir".
"Hüquq-mühafizə orqanları AQTA əməkdaşları ilə birgə operativ tədbirlərə başlayıblar, bununla bağlı birgə açıqlama olub. "Baku City", "Everest", "Piano", "Madonna" restoranlarında zəhərlənmə faktları qeydə alınıb. Həmin ünvanlarda ekspertiza və yoxlamalar aparılıb. "Baku City" və "Everest"in fəaliyyəti məhdudlaşdırılıb. Hazırda "Piano" və "Madonna"da araşdırma aparılır. Eyni zamanda "Haştaq" restoranında da bir fakt qeydə alınıb, bunula bağlı da araşdırma aparılır. Ötən gün "Madonna" restoranında bir ailənin üzvləri zəhərlənib. Onlarda da zəhərlənmə həmin viskidən olub. Metilin yüksək faizlə nisbəti aşkar edilib. Bu da insan orqanizmi üçün çox zərərlidir. Təəssüf ki, ictimai iaşə obyektlərinin sahibləri hələ də müştərilərə kustar üsulla hazırlanmış içkilər verirlər. Azərbaycanın bütün ictimai iaşə obyektlərinin rəhbərlərinə bir daha müraciət edirik ki, bu cür hallar cinayətdir. Bu, texniki spirt olan metanolun Binəqədi rayonu Biləcəri qəsəbəsində kirayə götürülən evdə boş butulkalara doldurularaq ictimai iaşə obyektləri vasitəsilə istehlaka verilməsi faktıdır. İctimai iaşə obyektlərinin sahibləri də məsuliyyətlərini dərk etməlidirlər. Cinayətdə əli olan bir neçə şəxs barəsində həbs qətimkan tədbiri seçilib, araşdırma davam edir. Bu cür hallar baş verən obyektlərin sayı 5-10 olsa da, aşkarlanan saxta içkilərin sayı 10 minlərlədir".