Ekologiya və Təbii Sərvətlər Nazirliyi Təhsil Nazirliyi ilə birgə orta məktəb şagirdləri üçün milli parklarda ekoloji maarifləndirmə tədbirləri çərçivəsində açıq dərslər təşkil etməyi planlaşdırır.
Unikal.org xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri İradə İbrahimova mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, açıq dərslərin ölkə ərazisindəki bütün milli parklarda təşkili nəzərdə tutulub: “Şagirdlər məktəblərinə yaxın olan milli parklarda açıq dərslərdə iştirak edə bilərlər. Açıq dərslərin gələn ilin yanvar ayından başlayaraq il ərzində mütəmadi təşkil edilməsi gözlənilir. Bura mətbuat nümayəndələri də dəvət olunacaq. Bununla yanaşı, valideyn himayəsindən məhrum olan uşaqların da milli parklara səfərini təşkil etməyi nəzərdə tuturuq. Bu tədbirlərin keçirilməsində məqsəd uşaqları milli parklarla tanış etmək, onlarda uşaq yaşlarından təbiətə sevgi hissi formalaşdırmaqdır”.
Nazirlik rəsmisi bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı və Abşeron ərazilərində yaşıllıqların olmadığı yaşayış binalarının həyətlərində sakinlərin iştirakı ilə aksiya keçirməyi planlaşdırır: “Ağacəkmə aksiyalarının keçiriləcəyi ərazilər rayon icra hakimiyyətləri ilə birgə müəyyən ediləcək”.
İ.İbrahimova həmçinin deyib ki, milli parkların ekoturizm marşrutlarını və nadir təbiət mənzərələrini əks etdirən Azərbaycan və ingilis dillərində yeni kitab nəşr edilib: "Kitabda ilk dəfə olaraq Azərbaycanın milli parklarındakı 110 ekoturizm marşrutu xəritələşdirilib və ətraflı sxemi verilib. Turistlər üçün yol göstəricisi sayılan və ərazi haqqında əvvəlcədən məlumatlanmaq imkanı yaradan kitabda ekoturizm marşrutlarının məsafəsi, marşrut üzərindəki xidmət məntəqələri və yaxınlıqdakı müxtəlif obyektlər barədə məlumat verilib".