Dekabrın 30-da Göygöl rayonunda məcburi köçkünlər üçün yeni yaşayış məhəlləsi istifadəyə verilib. Açılış mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov və Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Mahir Abbaszadə, ictimaiyyət nümayəndələri, məcburi köçkünlər iştirak ediblər. 

Unikal.org xəbər verir ki, son iki il ərzində ölkə ərazisində bütün zəruri sosial-texniki infrastrukturu olan 13 qəsəbə və bir bina tikilib istifadəyə verilib. Ümumilikdə isə indiyədək 300 mindən çox qaqın və məcburi köçkünün – 62 mindən çox ailənin mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Gələn il 7 minə qədər məcburi köçkün ailəsinin yeni ev və mənzillə təmin edilməsi nəzərdə tutulur.

Göygöldəki açılış mərasimində bu barədə məlumat verən Dövlət Komitəsinin sədri Rövşən Rzayev məcburi köçkünlərə dövlətimizin başçısının Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbriklərini çatdırıb, onlara yeni mənzillərdə xoş günlər, firavanlıq arzulayıb. Əminliklə qeyd edilib ki, məcburi köçkünlərin öz doğma yurdlarına qayıdacaqları gün də uzaqda deyildir. Ölkə rəhbərinin qətiyyətli siyasəti Azərbaycanın ərazi bütövlüyünün tezliklə bərpa edilməsi ilə nəticələnəcəkdir. 

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov çıxışında Göygöldə müvəqqəti məskunlaşmış məcburi köçkünlərin hər bir müraciətinə yerli orqanların həssaslıqla yanaşdığını, onlara lazımi köməklik göstərdiyini bildirib və yeni istifadəyə verilən məhəllənin rayon ərazisindəki məcburi köçkünlərin mənzil problemini tam həll etdiyini deyib.  

Göygöldəki hər biri 5 mərtəbəli olmaqla 3 yaşayış binasından ibarət məhəllə   ölkə ərazisində qaçqınlar və məcburi köçkünlər üçün salınmış, bütün zəruri sosial-texniki infrastrukturu olan 110-cu qəsəbədir. 130 məcburi köçkün ailəsi üçün nəzərdə tutulan məhəllənin tikintisi “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlər çərçivəsində aparılıb. Məhəllə Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu (MKSİF) tərəfindən layihələndirilib və tikilib. Ayrılmış 1,5 hektar torpaq sahəsində tikinti işlərinə 2019-cu ilin avqust ayında başlanılıb. Məhəllədəki binalarda mənzillərin 15-i birotaqlı, 55-i ikiotaqlı, 50-i üçotaqlı, 10-u dördotaqlıdır. Buraya Göygöl rayonu ərazisindəki yataqxanalarda və digər inzibati binalarda müvəqqəti məskunlaşmış məcburi köçkünlərin köçürülməsi nəzərdə tutulub. 

Məhəllənin elektrik təchizatını təmin etmək məqsədi ilə mövcud “Göygöl-1” yarımstansiyasında yenidənqurma işləri aparılıb və birdövrəli elektrik verilişi xətti çəkilib. Bundan əlavə, kompleksin ərazisində transformator məntəqəsi tikilib və güc transformator quraşdırılıb, kabel xətləri çəkilib, ərazinin işıqlandırılması təmin edilib.

İçməli su təchizatını təmin etmək üçün boru kəməri çəkilib, bir içməli su anbarı, yanğın əleyhinə iki su anbarı, nasosxana və nəzarətçi binası tikilib. Kanalizasiya şəbəkəsi qurulub. Məhəllə təbii qazla təchiz edilib, bunun üçün müvafiq infrastruktur yaradılıb. Mənzillərdə smart-kart tipli qaz sayğacları, PQ-4 tipli qaz plitələri, həmçinin istilik və isti su təchizatını təmin etmək məqsədi ilə qazla işləyən kombi tipli su qızdırıcılar quraşdırılıb. Məhəllədaxili rabitə və videomüşahidə xəttləri çəkilib.

Kompleksdə abadlıq və yaşıllaşdırma işləri görülüb, məhəllədaxili yollar çəkilib, sanitariya-təmizləmə meydançası tikilib.

Yeni il ərəfəsində məcburi köçkünlərin yeni mənzillərdə yerləşdirilməsinə başlanılıb.