Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 2018-ci il 11 oktyabr tarixli qərarında dəyişiklik edilib.

Unikal.org-un məlumatına görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla “Digər beynəlxalq fəaliyyət” paraqrafında “1.2.1-1.2.4-cü paraqraflara aid edilməyən və mahiyyət etibarilə beynəlxalq əməkdaşlıq hesab edilən digər beynəlxalq fəaliyyətlə bağlı” sözləri “1.2.1-1.2.4-cü paraqraflarına aid edilməyən beynəlxalq fəaliyyətlə bağlı digər” sözləri ilə əvəz edilib.

Əvvəlki qərarda göstərilirdi ki, dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən ölkə daxilində və xaricdə beynəlxalq səviyyəli tədbirlərin (forum, konfrans, seminar, simpozium, sərgi, yarmarka və s.) təşkili, xaricdə Azərbaycanın tanıdılması fəaliyyəti ilə bağlı xərclər və bu təsnifatın 1.2.1-1.2.4-cü paraqraflara aid edilməyən və mahiyyət etibarilə beynəlxalq əməkdaşlıq hesab edilən digər beynəlxalq fəaliyyətlə bağlı xərclər daxildir.

Eyni zamanda əvvəlki qərarla təsdiq edilmiş  “Azərbaycan Respublikasının büdcə xərclərinin iqtisadi təsnifatı” üzrə 211200-cü paraqrafda “Ştatdankənar işçilərin əməkhaqqı” sözləri “Ştatdankənar işçilərin əməkhaqqı (ştatdankənar şəxslərə ödənilən haqq)” sözləri ilə əvəzlənib.

Paraqraf təşkilatların daimi ştatında olmayan və mülki-hüquqi müqavilə əsasında işlərin yerinə yetirilməsi üçün cəlb olunan şəxslərə hesablanmış əməkhaqlarının ödənişi ilə bağlı xərclərə aiddir.

Qərarda bildirilir ki, “Əməyin ödənişi ilə bağlı digər pul ödənişləri” paraqrafında “hakimlərə səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı vergilərdən azad olunan aylıq pul təminatı” sözləri “səlahiyyətlərin icrası ilə bağlı aylıq əlavə pul təminatı” sözləri ilə əvəz edilsin.

Əvvəlki qərarda yazılırdı ki, “Əməyin ödənişi ilə bağlı digər pul ödənişləri” paraqrafına işçilərə, hərbi qulluqçulara (xüsusi rütbəsi olan əməkdaşlara) verilən mükafatlar, maddi yardımlar, dövlət orqanlarında çalışan işçilərə verilən bütün növ müavinətlər hakimlərə səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı vergilərdən azad olunan aylıq pul təminatı ilə bağlı xərclər daxildir.

Hazırki qərarla isə aylıq pul təminatı aylıq əlavə pul təminatı ilə əvəzlənib.

Qərarın tam mətni ilə buradan tanış ola bilərsiniz.