Tanınmış rejissor, xalq artisti Ağakişi Kazımov xəstəxanaya yerləşdirilib.
Unikal.org xəbər verir ki, bu barədə “Report”a sənətçinin həyat yoldaşı, əməkdar artist Mehriban Abdullayeva məlumat verib.
Onun sözlərinə görə, A.Kazımov insult keçirib və hazırda 6 saylı Birləşmiş Şəhər Xəstəxanasında reanimasiyada müalicə olunur:
“Ötən il noyabrın 28-də ad günündə yıxıldı. Ondan sonra xəbərimiz olmayıb və yüngül insult keçiribmiş. Elə o vaxtdan vəziyyəti pisləşməyə başladı. Hiss olunurdu ki, səhhətində problemlər yaranıb. Nəhayət, dekabrın 13-də vəziyyətinin daha da ağırlaşdığını gördüm və təcili yardım vasitəsilə xəstəxanaya apardıq. Ayın 30-da evə gətirsək də, ev şəraitində müalicəsi alınmadı. Yanvarın 1-də Binəqədi rayonunda yerləşən 6 saylı Birləşmiş Şəhər Xəstəxanasına apardıq. Hazırda reanimasiyadadır. İnsult keçirəndən sonra ağciyərində pnevmaniya da aşkarlanıb deyə, vəziyyəti yaxşı deyil. Yanından durub heç yerə gedə bilmirəm, bütün günü xəstəxanadayam. Köməyə ehtiyacımız var”.