Xəbər verdiyimiz kimi, yanvarın 14-də görkəmli neftçi-alim və geoloq, SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə mərasim keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Unikal.org xəbər verir ki, tədbirdə Xoşbəxt Yusifzadə xanımı üçün rəisindən yaşadığı ünvana elektriçka çəkdirməyi tələb etməsindən danışıb:
"Mən evlənmişəm, Neft Daşlarında işləyirəm. Amma xanımım kənddədir, şəhərə gedir-gəlir, özü də o vaxt yollar Pirşağıda bir kökdəydi. Heç gedib-gəlmək olmurdu. Gördüm bu yazıq lap əziyyət çəkir.
Bəxtiyar Məmmədov idarədə mənim rəisim idi. Ona bir ərizə yazdım. Dedim ki, Bəxtiyar Mamedoviç, ya Pirşağıya elektriçka çəkdir, ya da mənə ev ver. O, əvvəl bir az gözümün içinə baxdı: nə danışırsan, nə yazmısan? Dedim, yazmışam da, bax. Sonra bir az fikirləşib dedi ki, elektriçka çəkdirə bilmərəm, amma sənə ev verərəm.
İndi o gün cənab İlham Əliyev Pirşağıya elektriçka ilə gəldi. Mən gördüm bu elektriçkanı, ay Xoşbəxt, 60 ildən sonra sənin elektriçkan gəldi Pirşağıya. İndi Bəxtiyar sağ olsaydı, deyəcəkdi evi qaytar. Elektriçka gəldi evi neynirsən?".