Dövlət Miqrasiya Xidmətinin mərkəzi aparatında kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə 2019-cu ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib.
Unikal.org xəbər verir ki, tədbirdə çıxış edən Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov miqrasiya sahəsində görülən işlərdən danışıb. Qurum rəhbəri əldə olunan nəticələr və statistik rəqəmlər barədə ətraflı məlumat səsləndirib:
“Ötən ildə də ölkə rəhbərliyi tərəfindən Dövlət Miqrasiya Xidmətinin qarşısına qoyulan tapşırıqlar vaxtında və uğurla yerinə yetirilib. Şəffaflığın və vətəndaş məmnunluğunun artırılması, qanunvericiliyin təkmilləşdirilməsi - daha da sadələşdirilməsi, əcnəbilərin öz hüquqlarından səmərəli istifadəsinə şərait yaradılması, ölkədə miqrasiya proseslərinin idarə edilməsində innovasiyaların tətbiqi istiqamətində mühüm tədbirlər həyata keçirilib, eləcə də yeni sosial layihələr reallaşdırılıb”.
Vüsal Hüseynov ötən ilin əsas statistik məlumatlarını da açıqlayıb:
“Ümumilikdə Xidmətə edilən müraciətlərdə artım dinamikası müşahidə olunur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ildə ölkəyə daxil olan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayında 11 faiz, ölkədə müvəqqəti yaşanlarda 10 faiz, iş icazəsi alanlarda 8 faiz artım müşahidə olunub. Bundan başqa, qaçqın statusu üçün müraciətlərdə 7 faiz artım qeydə alınıb”.
Qurum rəhbərinin sözlərinə görə, əcnəbilərin ölkədə qanuni olmaları və yaşamaları üçün yaradılmış şərait, o cümlədən miqrasiya məsələləri ilə bağlı aparılan məlumatlandırma işləri nəticəsində keçən il ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən miqrasiya qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı qəbul edilmiş qərarların sayında 23 faiz azalma var:
“2019-cu il Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində ilk dəfə olaraq sosial layihələrin icrası da prioritet olub. Miqrasiya Məktəbi, İnformasiya Texnologiyaları Məktəbi, “Miqrasiya könüllüləri” İctimai Birliyi və Gənclik İnkişaf Forumu gənclərin miqrasiya sahəsində yeni bilik və təcrübə qazanmalarına töhfə verib. Həmçinin, gənclərə xidmətin müvafiq struktur bölmələrində təcrübə keçmək imkanı yaradılıb”.