Böyük Britaniyanın İrandakı səfiri bundan sonra da qanunsuz etiraz aksiyalarına qatılsa, onda rəsmi Tehran yalnız xəbərdarlıqla kifayətlənməyəcək.
Unikal.org xəbər verir ki, bunu İran Xarici İşlər nazirinin müavini Abbas Əraqçı deyib. O bildirib ki, baş verən insidentə baxmayaraq Böyük Britaniya hökuməti İrandakı səfiri Robert Makkeyarı dəyişmədi. Səfir Xarici İşlər Nazirliyinə çağırıldı və ona xəbərdarlıq edildi. Bundan sonra o, İranı tərk edib və yenidən öz vəzifəsinin icrasına başlayıb.
Yanvarın 11-də Böyük Britaniyanın İrandakı səfiri Tehran tələbələrinin qanunsuz aksiyasında iştirak edərkən polis tərəfindən saxlanılmışdı. Səfir kimliyi müəyyən edilənə kimi, təxminən 1 saata yaxın, polis bölməsində saxlanıldıqdan sonra azad edilib. Bu insidentə baxmayaraq, rəsmi London səfiri dəyişmədi ki, bu da İranda təəccüb doğurub. Beynəlxalq təcrübəyə görə, belə vəziyyətlərdə adətən səfir dəyişdirilir və diplomatik qalmaqal aradan qaldırılır.