AFFA tərəfindən 2019-cu ilin iyun ayından etibarən könüllülərin qeydiyyat mərhələsinə start verilib.

Unikal.org xəbər verir ki, 5 ay ərzində 6797 könüllü namizəd qeydiyyatdan keçib.

Müraciət sayına görə Bakı şəhəri Avropa çempionatı təşkil olunacaq 12 şəhər arasında ən yüksək göstəriciyə sahibdir. 6000-dən çox namizədlə təkbətək müsahibə aparılıb.

Bu oyunlarda fəaliyyət göstərəcək könüllülər üçün bu gün “Elektra Events Hall”da xüsusi gecə təşkil olunub. Tədbirdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, Gənclər və İdman naziri Azad Rəhimov, AFFA-nın baş katibi Elxan Məmmədov, Avro-2020-nin Bakıda keçiriləcək oyunlarının səfiri Vəli Qasımov, Könüllülər proqramının səfiri Taleh Yüzbəyov iştirak edib. Çıxışlar zamanı Prezident İlham Əliyevin gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə 2020-ci ili Azərbaycanda “Könüllülər ili” elan etməsi xüsusi qeyd olunub. Rövnəq Abdullayev və Azad Rəhimov çıxışlarında öz kreativliyi, təşəbbüskarlığı, innovativ düşüncə tərzi və müasir dünyagörüşləri ilə Avro-2020-yə yeni nəfəs verən könüllülərin və könüllü fəaliyyətinin əhəmiyyətindən bəhs ediblər.

Çıxışlardan sonra Rövnəq Abdullayev, Azad Rəhimov və Elxan Məmmədov tərəfindən Avro-2020-nin Bakını təmsil edən səfiri Vəli Qasımova, həmçinin Bakı Könüllülər Proqramının səfiri Taleh Yüzbəyova ölkə əhəmiyyətli idman tədbirində göstərdikləri dəstək və fəaliyyətə görə mükafatlar təqdim edilib. Eyni zamanda, 4 ən aktiv könüllü hədiyyələrlə təltif olunub. 1500-dən çox könüllünün qatıldığı gecənin sürpriz qonağı isə sevilən müğənni Dilarə Kazımova olub. Daha sonra gecə əyləncə proqramı ilə davam edib.