“Çinin Uhan şəhərindəki tələbələrimizin, vətəndaşlarımızın vəziyyəti digər bölgələrdəki vətəndaşlarımızla müqayisədə daha ağırdır. Çünki onlar yaşadıqları mənzillərdə, təhsil aldıqları ali məktəblərin yataqxanalarında tamamilə təcrid olunmuş vəziyyətdədirlər”.
Unikal.org xəbər verir ki, bu sözləri Azərbaycan Televiziyasının “Hədəf” verilişinə açıqlamasında Azərbaycanın Çindəki fövqəladə və səlahiyyətli səfiri Əkrəm Zeynallı deyib.
Səfir bildirib ki, vətəndaşlarımız lazımi ərzaq ehtiyatı ilə təmin olunurlar: “Virusun episentri sayılan Uhan şəhərində 7 vətəndaşımız var. Onlardan 4-ü tələbədir. Biz Azərbaycan səfirliyi olaraq 23 yanvar tarixindən etibarən oradakı vətəndaşlarımızla daim əlaqə saxlayırıq. Onların qarşılaşdıqları problemləri həll etməyə çalışırıq. Çünki onlar qaldıqları binalardan çıxa bilmirlər. Küçəyə çıxmaq qadağandır.
Yataqxanalarda qalan tələbələr təhsil ocaqları tərəfindən yeməklə təmin olunurlar. Digərlərinə şəhər bələdiyyəsi tərəfindən yeməklər çatdırılır. Evdə yaşayan tələbələr isə uzunmüddətli azuqə toplayıblar. Çətinlik olduğu təqdirdə biz Xarici İşlər Nazirliyinin həmin əyalət, şəhərdəki şöbələri vasitəsilə vətəndaşlarımıza yardım göstəririk”.
Səfir qeyd edib ki, sözügedən şəhərdəki vətəndaşlarımızın oradan çıxarılması üçün Çin hökuməti ilə danışıqlar aparılır: “Hökumət karantin bölgəsindən vətəndaşların çıxarılmasını təhlükəli hesab edir. Amma biz vətəndaşlarımızı oradan çıxarmaq haqqında ciddi danışıqlar aparırıq. Ümid edirəm ki, yaxın vaxtlarda nəticə əldə edəcəyik”.
Ə.Zeynallı Çin Xalq Respublikası Səhiyyə Komitəsinin virusla bağlı son statistikasını da açıqlayıb: “Son məlumata görə, Çində 4599 nəfər virusa yoluxub. Onlardan 106-sı dünyasını dəyişib. Virusa yoluxma şübhəsi ilə 6973 nəfər artıq karantindədir. Onlarla təmasda olan 50 mindən çox insan isə nəzarətə götürülüb. Bu rəqəmlər onu deməyə əsasə verir ki, virus çox sürətlə yayılır. Buna baxmayaraq, Çin höküməti tərəfindən preventiv tədbirlər görülür ki, yayılmanın qarşısı alınsın”.
Məlumat üçün bildirək ki, Çində koronavirus adlı virus yayılıb.