Dövlət İmtahan Mərkəzi fevralın 2-də ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçirəcək.
Mərkəzdən Unikal.org-a verilən məlumata görə, imtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində, ümumilikdə 4 binada təşkil olunacaq.
İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 847 nəfər qeydiyyatdan keçib.
İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanacaq və 3 saat davam edəcək. İmtahanda iştirak edəcək bakalavrların nəzərinə çatdırırıq ki, imtahan binasına buraxılış saat 10:45-də başa çatacaq.
Məlum olduğu kimi, imtahanda bakalavrların xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılır. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlanacaq. Mətnin səsləndirilməsinə hazırlıq və binada sakitliyin təmin olunması ilə əlaqədar imtahanın başlanmasına 15 dəqiqə qalmış heç kim binaya buraxılmayacaq. İmtahan iştirakçıları qeyd olunanları nəzərə almalı və buraxılış vərəqəsində göstərilən vaxtdan gec olmayaraq imtahan binasında olmalıdırlar.
Bakalavrlar imtahana şəxsiyyəti təsdiq edən sənədin əsli və “İmtahana buraxılış vərəqəsi"ni gətirməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda bakalavr imtahana buraxılmayacaq.
İmtahan binasına giriş zamanı xüsusi buraxılış rejimi tətbiq olunacaq və üzərində mobil telefon, konspekt, eləcə də digər yardımçı vasitələr aşkar olunan bakalavrlar imtahan binasına buraxılmayacaqlar. İmtahan bitdikdən sonra iştirakçılar sual kitabçası və cavab kartını nəzarətçiyə təhvil verməlidirlər.
İmtahanların idarə olunması üçün 4 imtahan rəhbəri, 72 zal nəzarətçisi və 6 buraxılış rejimi əməkdaşı ayrılıb.
Sınaq imtahanının məqsədi qapalı və açıq formalı test tapşırıqları vasitəsi ilə bakalavrların verbal və riyazi məntiqini, fəza təfəkkürünü, informatika və xarici dil üzrə bilik və bacarıqlarını, oxuyub-anlama və dinləyib-anlama vərdişlərini yoxlamaq, bununla da onların həm imtahan texnologiyalarına alışmaları, həm də imtahana hazırlıq səviyyələrini yoxlamaları üçün imkanın yaradılmasıdır.