Yanvarın 28-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) və Folklor İnstitutunun birgə təşkilatçılığı ilə Xalq yazıçısı, akademik Kamal Abdullanın “Sirlərin sərgüzəşti” kitabının təqdimatı keçirilib.
Unikal.org xəbər verir ki, AMEA-nın Folklor İnstitutunun Gənc Alimlər və Mütəxəssislər Şurasının sədri Nail Qurbanov yazıçının dördüncü romanı olan bu əsərdə paralel zaman və məkanın, yaddaş fenomeninin, real və irreal hadisələrin ədəbi-bədii əksinin təsvir olunduğunu bildirib. Diqqətə çatdırıb ki, əsərin qəhrəmanı Həsən müəllim (Hacı Mir Həsən Ağa Səyyah) nəql olunan əhvalatların fövqündə dayanaraq sirlərin sərgüzəştinə şahidlik və bələdçilik edir. Bu mənada roman oxucunu öz sirlərinin ağuşuna alır, onu da sirrə vaqif edir. Əsərdə yazıçının digər əsərlərinin qəhrəmanlarına da rast gəlmək olur.
Akademik Kamal Abdulla tədbirin təşkilatçılarına təşəkkürünü bildirib. O, müasir dövrdə informasiyanın rolunu diqqətə çatdırıb. Qeyd edib ki, əsərin qəhrəmanı da sirlər haqqında əsər yazmağa qərar verir. Lakin unudur ki, əsəri yazmaqla insanların sirrini faş edir. Dünyada müxtəlif sirlər var. Məsələn kainatın sirri, dövlətin sirri və sadə insanların sirri. Bunlar arasında fərq böyükdür. “Sirlərin sərgüzəşti” əsərinin qəhrəmanı qonşunun sirlərini yazmaq qərarına gəlir. Çünki digər sirlərdən yazmaq üçün bəlkə də filosof olmalısan, amma sadə insanların sirrini yazmaq üçün iti eşidən qulağa sahib olmaq yetərlidir.
“Əsərlər adətən oxucular tərəfindən birmənalı qarşılanmır. Ümid edirəm ki, “Sirlərin sərgüzəşti” oxucuların ürəyində özünə yer tapa biləcək”, - deyə Xalq yazıçısı Kamal Abdulla qeyd edib.
AMEA-nın Ədəbiyyat İnstitutunun əməkdaşı Maral Yaqubova romanı yüksək dəyərləndirib. Bildirib ki, kölgələrdən qurtulmuş Həsən müəllimin zaman və məkanın kəsişdiyi belə bir guşədə həyatından razılığı, ömürboyu arzusunda olduğu təkliyə və qəlbində yaşatdığı tənhalığa nail olmasının rahatlığı oxucuya da sirayət edir.
AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı Əzizağa Nəcəfzadə, N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, professor Tahirə Məmmədli çıxışlarında vurğulayıblar ki, romanın müasir nəsr texnikasına xas olan iç-içə süjetlər və fəsillərlə assosiasiya olunan hadisələrin anaxronik ardıcıllığı şəklində qurulması əsəri oxunaqlı edir.
Təqdimat mərasimində Azərbaycan Dövlət “Yuğ” Teatrının aktyorları - Xalq artisti Məmməd Səfa və Əməkdar artist Yaqut Paşazadə “Sirlərin sərgüzəşti” əsərindən parçalar səsləndiriblər.
Sonda müəllif əsərlə bağlı sualları cavablandırıb.