Bu gün İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatına start verilib.
Unikal.org xəbər verir ki, ilk yarış günündə 55, 63, 77, 87 və 130 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparır.
Mübarizəyə 1/4 finaldan qoşulan Eldəniz Əzizli Ermənistan idmançısını çətinlik çəkmədən məğlub edərək adını yarımfinala yazdırıb. Taleh Məmmədov ilk görüşdə Rusiya güləşçisiylə bacarmayıb.
Sənan Süleymanov debütdə Bolqarıstanı təmsil edən erməni güləşçiyə qalib gəlib. Daha sonra İtaliya idmançısına şans tanımayan güləşçimiz 1/4 finala vəsiqə qazanıb. Bu mərhələdə Yunanıstan idmançısıyla görüş dramatik alınıb. Möhtəşəm əzmkarlıq nümayiş etdirən Sənan son saniyələrdə uğurlu fənd işlədərək rəqibinin kürəyini yerə sıxıb və yarımfinala yüksəlib.
İslam Abbasov ilk mərhələdə yanvarda Fransa "Qran-pri"sində məğlub olduğu Kiril Maskeviçlə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüşdə həmyerlimiz belaruslu rəqibindən revanş alıb. İslam 1/8 finalda polşalı həmkarından güclü olub. Abbasov 1/4 finalda Bolqarıstan təmsilçisini "tuşe" ilə üstələyərək yarımfinala adlayıb.
Sabah Şəriəti startda Ermənistan təmsilçisiylə üz-üzə gəlib. Prinsipial qarşılaşmadan yığma üzvü qalib ayrılıb. Ancaq 1/4 finalda rumıniyalı rəqibinə uduzub.
Qeyd edək ki, yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.