Batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda iştirak etmək üçün Bakıya gələn nümayəndə heyətlərinin rəhbərləri və təmsilçilərinin görüşü keçirilib.

Unikal.org-un məlumatına əsasən, Azərbaycanın Gimnastika Federasiyasının Baş katibi Nurlana Məmmədzadə görüşdə nümayəndə heyətlərini salamlayıb və yarışların bütün iştirakçılarına uğurlar diləyib.

N.Məmmədzadə qeyd edib ki, hər hansı kömək lazım olduğu təqdirdə, nümayəndə heyətlərinin üzvləri həmişə yerli təşkilat komitəsinə müraciət edə bilərlər. Burada onlara məmnuniyyətlə yardım edəcəklər.

Beynəlxalq Gimnastika Federasiyasının (FİG) Texniki komitəsinin prezidenti Horst Kuntse çıxışında yarışların təşkilat səviyyəsini yüksək dəyərləndirib.

"Bütün iştirakçılara uğur diləyirəm. Həmçinin Kubokun təşkilatçılarına minnətdarlığımı bildirmək istəyirəm. Belə peşəkarlarla işləmək ancaq zövq verir. Yarışların yüksək səviyyədə keçəcəyinə əminəm", - deyə Kuntse bildirib.

Tədbirdə, həmçinin Azərbaycan Ginmastika Federasiyasının menecerləri Fərhad Əhmədbəyli və Namiq Bədirxanov çıxış ediblər. Onlar nümayəndə heyətlərinin üzvlərinə yarışların cədvəli və tibbi xidmət barədə məlumat veriblər.

Qeyd edək ki, batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku fevralın 15-16-da Bakıda baş tutacaq.

30 ölkənin 150-dək gimnastının mübarizə aparacağı builki turnir 2020-ci Tokio Olimpiya Oyunlarına lisenziya xarakterli yarış olacaq.

İki gün davam edəcək yarışların ilk günü təsnifat mərhələləri, ikinci günü isə final mərhələləri keçiriləcək. Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi "AGF Trophy" Kuboku da təqdim olunacaq.

Azərbaycanı Dünya Kubokunda iki gimnast – Selcan Maqsudova (batut gimnastikasında fərdi hərəkətlər) və Fərid Mustafayev (tamblinq) təmsil edəcək.