“Bu yaxınlarda, daha dəqiq desək, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasındakı görüşdən sonra Ermənistanın xüsusi xidmət orqanları və Ermənistanın dövlət büdcəsindən himayə etdiyi əks-təbliğat internet bağlantıları, Xocalıdakı günahsız mülki şəxslərin etnik təmizlənməsində guya Azərbaycan əsilli şəxslərin iştirak etməsi barədə hər hansı sübutu olmayan dezinformasiyaları açıq-aşkar şəkildə həvəslə şişirdirlər”.
Unikal.org xəbər verir ki, bu sözləri bir neçə il əvvəl bağlanan ANS-in prezidenti Vahid Mustafayev sosial şəbəkədə Xocalı soyqırımının 28-ci il dönümü ilə bağlı paylaşımında yazıb.
O bildirib ki, qarşı tərəfin əks-təbliğat xarakterli paylaşımlarında qardaşı Milli Qəhrəman Çingiz Mustafayevin də adı çəkilir və azərbaycanlıların meyitlərinin səpələndiyi sahədə hərbi geyimli adamları gördüyü barədə reportajlarından danışılır:
“Propaqandaçılara deməyi özümə borc bilirəm: Xocalıda baş verən etnik təmizləmə və Əsgəran kəndi yaxınlığında azərbaycanlı mülki şəxslərin öldürülməsi erməni hərbi komandirləri Arkadi Tadevosyan, Xristofor İvanyan (sonralar Xocalı onun adı ilə adlandırılıb) və general-leytenant Anatoli Zineviç tərəfindən hazırlanıb və 366-cı Rusiya motoatıcı alayının zabiti Seyran Ohanyanın (sonralar Ermənistanın müdafiə naziri) komandanlığı altında döyüş maşınları, həmçinin kriminal avtoritetlər Karo və Bekorun rəhbərliyi ilə Əsgəran və Stepanakert istiqamətindən iki döyüşçü dəstəsinin vasitəsi ilə fevralın 25-dən 26-na keçən gecə həyata keçirilib. Jurnalist Çingiz Mustafayev isə yalnız fevralın 29-da hərbçilərlə, sonra xarici jurnalistlərlə birlikdə hadisə yerinə gələrək, yuxarıda adları göstərilən zabitlərin və cinayətkar ünsürlərin vəhşiliklərini nümayiş etdirdi.
O, mətbuat konfransında məhz bu tarixlər haqqında danışır, erməni mediası isə sadə bir yoxlama aparmadan belə Ermənistan xüsusi xidmət orqanlarının təqdimatı ilə qəsdən yanlış məlumatlar yayır.
Jurnalistin verdiyi sual budur ki, əgər razılıq əsasında meyit toplayanlar cinayət baş verən yerə gedə bilərlərsə, niyə Çingiz Mustafayev Mi-8-lə ikiqat qoruması olan Mi-24 (“Timsah”) vertolyatlarını gözləməyə məcbur oldu.
Sonradan məlum oldu ki, erməni silahlıları azərbaycanlı mülki şəxslərin cəsədləri üçün müəyyən ödəniş qarşılığında yalnız müəyyən kontingentə və yalnız müəyyən bir vaxtda gəlməyə icazə verib. Çəkiliş aparmaq qəti qadağan edilmişdi!”
V. Mustafayev onu da qeyd edib ki, 1992-ci il martın 1-də özü də orada olub və baş verənlərin hamısının canlı şahididir:
“Etnik təmizləməni Əsgəran və Stepanakert silahlı briqadalarının aparmasına dair digər video sübutlar da var. Erməni mediasının 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verən soyqırımı təkzib etmək istəyi, erməni ziyalılarının bu faciədən xəbərdar olmasından bəhs edir və bu qanlı ləkəni xalqının tarixinin səhifələrində buraxmaq istəməməyindən qaynaqlanır.
Xocalı qəsəbəsində mülki şəxslərin güllələnməsi və Ağdama qaçan günahsız azərbaycanlıların qətlə yetirilməsi həqiqətən təkcə Azərbaycana qarşı yox, bütün bəşəriyyətə qarşı yönəlmiş cinayətdir! Bəli, bu, həqiqətən günah və ayıbdır, amma bu vəziyyətdən yeganə çıxış yolu inkar deyil, əməlin fərqində olmaqdır. Bəşəriyyət tarixinə belə bir çıxış yolu məlumdur – bu, Üçüncü reyxin faşistlərinin öldürdüyü bütün günahsız insanlara görə alman xalqının etdiyi etirafdır”.