“Bu proses təkcə Azərbaycanda deyil, bütün dünyada gedir. Neftin qiyməti düşür və bu da yeni problemlər yaradır”.
Bu fikirləri Unikal.org-a açıqlamasında sabiq maliyyə naziri, iqtisadçı ekspert Fikrət Yusifov səsləndirib. Ölkə iqtisadiyyatında neftin payının mühüm olduğunu xatırladan ekspert deyib ki, neftin qiymətinin düşməsi ilə bağlı bazarda ajiotaj yaranıb:
“Dünəndən bəri Azərbaycanda da narahatlıq var. Hətta valyutadəyişmə məntəqələrinin qarşısında növbələrin yaranması göstərir ki, insanlar narahatlıq keçirirlər, əllərindəki manatı dollara çevirmək istəyirlər. Amma hesab edirəm ki, bu, müvəqqəti xarakter daşıyan haldır. Bu, bir hadisə - koronavirusla bağlı məsələdir. Bu virusla bağlı məsələnin çözülməsiylə yaxın müddətdə hər şey öz axarına düşəcək. O da bildirilir ki, ona qarşı vaksin tapılıb və qısa müddətdə virus ram ediləcək. Düşünürəm ki, hər hansı bir panikaya ehtiyac yoxdur”.
F.Yusifov onu da qeyd edib ki, manatın möhkəmliyini təmin edəcək, məzənnənin sabitliyini qoruyacaq Azərbaycanın kifayət qədər valyuta və qızıl ehtiyatları var: “Bu mənada insanlar təmkinli olmalıdırlar. Proseslər göz qabağındadır, şəffafdır, hər hansı narahatlığa əsas yoxdur. Dünəndən gözlənilirdi ki, neftin qiyməti bir az da düşə bilər. Amma bu gün səhər neftin qiymətində qalxım müşahidə olundu. Çox təəssüf edirəm ki, 5 ilə yaxın vaxt ərzində ölkə Prezidentinin iqtisadiyyatın qeyri-neft sektorunun sürətli inkişafını təmin etməklə bağlı qəbul etdiyi önəmli qərarlar yetərincə icra edilə bilmədi. Təbii ki, bu icraçıların birbaşa məsuliyyəti və günahıdır. 2015-ci ilin sonlarından bu günə qədər Prezident real sektorun sürətli inkişafına yönəlik zəruri ola biləcəyindən də artıq addımlar atdı. Lakin icraçıların ləngliyi, təşəbbüskarlıqlarının yox səviyyəsində olması gözlənilən nəticələri əldə etməyə imkan vermədi. Elə bu səbəbdən də bu ilin yanvar ayında, ötən ilin yekunlarına həsr olunmuş müşavirədə, Prezident icraçılara “nə üçün qeyri-neft sektorunun inkişaf templəri bizim qəbul etdiyimiz qərarlara adekvat deyil” sualını ünvanladı. Bu sualın cavabı birdir – qərarların icrası yetərli olmadı. Ona görə də Prezident heç kimin gözləmədiyi qeyri-adi bir addım atıb, təşəbbüskar və islahatçı bir nazirin rəhbərliyinə ölkənin iqtisadiyyat, vergi və əmlak məsələlərinin idarəçiliyini verdi”.
Ekspertin hazırkı dövrlə bağlı təklifləri də var. F.Yusifov hesab edir ki, bu gün ölkə iqtisadiyyatının real sektoruna daxili və xarici mənbələr hesabına investisiyaların həcminin dəfələrlə artırılmasına, xarici investisiyaların ölkəyə gəlməsini əngəlləyən bütün məqamların aradan qaldırılmasına ehtiyac var.
Eyni zamanda, ekspert deyib ki, Neft Fonduna son illər ərzində neft qiymətlərinin yüksək olması hesabına yığılmış 10 milyard dollara qədər vəsaitin ölkədə kiçik və orta biznesin inkişafına yönəldilməsinə, ölkədən kapital axınının səbəblərinin 10-cu mərtəbədən deyil, birinci mərtəbədən araşdırılmasına üz tutmaq lazımdır.
Elvin Rüstəmov