Azərbaycanda süni qiymət artımına yol verənlərə və valyuta fırıldaqçılarına qarşı olduqca ciddi tədbirlər görüləcək.

Unikal.org xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, AMB dollar vasitəsilə inflyasiyanın artması variantını istisna edir: “Çünki inflyasiyanın ən başlıca lövbəri məzənnədir. Məzənnədə dəyişiklik olmasın deyə tədbirlər görürük, deməli, bu faktorun inflyasiyaya təsirini gözləmirik. Lakin obyektiv faktorları da bilirik. Koronavirusun yayılması ilə müəyyən təchizat problemləri ortaya çıxa bilər və bundan müəyyən fırıldaqçılar istifadə edə bilər. Hökumət bu məsələni nəzarətdə saxlayacaq. Həmçinin, ölkənin təchizatının yaxşılaşdırılması tədbirləri də görüləcək. Eyni zamanda bu vəziyyətdən sui-istifadə edənlərə, süni qiymət artımına yol verənlərə və valyuta fırıldaqçılarına qarşı çox ciddi tədbirlər görüləcək".E. Rüstəmv onu da qeyd edib ki, Azərbaycan iqtisadiyyatı neftin hazırkı qiymətinə Rusiyadan daha çox tab gətirə bilər.