Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair Memorandum imzalanıb.
Unikal.org xəbər verir ki, sənədin imzalanması tədbirində Mərkəzi Bankın sədri Elman Rüstəmov bankların ölkənin sosial-iqtisai inkişaf proseslərində aktiv iştirakını diqqətə çatdırıb. O, həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə ölkədə fəaliyyət göstərən banklar tərəfindən köməklik göstərilməsi ilə bağlı sosial məsuliyyətin bölüşdürülməsi ilə bağlı dövlət başçısının çağırışına banklar tərəfindən yekdilliklə müsbət cavab verilməsinin sevindirici olduğunu bildirib. Bu gün özünüməşğulluq proqramı iştirakçısının məşğulluqdan başlayaraq gələcəkdə kiçik, orta və hətta böyük sahibkara da çevrilə biləcəyini deyib, bu baxımdan proqrama dəstəyin təkcə sosial deyil, həm də iqtisadi məqsəd daşıdığını qeyd edib.
Nazir Sahil Babayev ölkəmizdə aktiv məşğulluq proqramlarının ildən-ilə gücləndirildiyini, 2019-cu ildə nazirliyin məşğulluq orqanlarının xətti ilə 103 028 şəxsin, bu ilin iki ayında 15 minə yaxın şəxsin münasib işlə təmin edildiyini, peşə hazırlığına cəlb edilənlərin də sayının getdikcə artdığını deyib.
S.Babayev bildirib ki, xüsusilə əhalinin həssas qruplarından olan işsiz şəxslərin məşğulluğa və kiçik biznesə çıxışına şərait yaradan özünüməşğulluq proqramında həssas kateqoriyalara (əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, məcburi köçkünlər, aztəminatlı ailələrin üzvləri və b.) üstünlük verilir. Şəffaflığın və ictimai nəzarətin təmini üçün proqram iştirakçılarına dair məlumatlar «E-sosial» portalında yerləşdirilir. Özünüməşğulluq proqramında iştirak üçün müraciətlərin sayı hazırda 40 mindən çoxdur.
Nazir bu il 11 min nəfərin proqrama cəlb olunmasının nəzərdə tutulduğunu deyib. Vurğulayıb ki, Prezidentin tapşırığı əsasında özünüməşğulluq proqramının genişləndirilməsində Dünya Bankı ilə artıq bu ildən əməkdaşlığa başlanacaq. Dünya Bankının “Azərbaycanda məşğulluğa dəstək layihəsi” üzrə 2020-2025-ci illərdə əlavə olaraq 22 min işsiz şəxs özünüməşğulluq proqramına cəlb olunacaq.
S.Babayev bildirib ki, bu gün imzalanan əməkdaşlıq sənədi də 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyevin ölkəmizdə özünüməşğulluq proqramının daha da geniş vüsət alması, həssas əhali qruplarından olan daha çox insanın özünüməşğulluğunun təmin olunması üçün banklar tərəfindən köməklik göstərilməsi ilə bağlı sosial məsuliyyətin bölüşdürülməsi barədə irəli sürdüyü təşəbbüsün uğurlu bir nəticəsidir.
Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev Prezident İlham Əliyevin Azərbaycanda fəaliyyət göstərən özəl banklara özünüməşğulluq proqramına qoşularaq proqramın daha da geniş vüsət almasına dəstək olmaq çağırışının xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Qeyd edək ki, memorandum özünüməşğulluğun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığı nəzərdə tutur. Özünüməşğulluğun təşkilinə köməklik göstərilməsi isə əlilliyi olan şəxslərə, aztəminatlı ailələrə, məcburi köçkünlərə, habelə işsiz və işaxtaran şəxslərə məsləhət və məlumatların verilməsi, iqtisadiyyatın sahələri üzrə özünüməşğulluq istiqamətinin seçilməsinə və təşkilinə, biznes-planın hazırlanmasına kömək edilməsi, natura şəklində material, avadanlıq və digər əmlakın 2 (iki) il müddətinə müqavilə əsasında əvəzsiz olaraq bu şəxslərin istifadəsinə verilməsi (bu müddət bitdikdə əmlakların əvəzsiz olaraq Proqram iştirakçılarının mülkiyyətinə verilməsi də daxil olmaqla), bu müddət ərzində monitorinqlərin aparılması, habelə növbəti mərhələlərdə Proqram iştirakçılarının müxtəlif bank (maliyyə) alətləri ilə inkişafının dəstəklənməsi kimi istiqamətləri özündə əhatə edir.
Nazirlik isə proqrama cəlb olunmaq məqsədi ilə müraciət edən həssas qruplar barədə məlumatları proqramda iştirak edən banklara təqdim edəcək. Proqram iştirakçıları üçün müvafiq təlimlərin təşkilində dəstək verəcək, biznes planların müdafiəsi, əmlakların proqram iştirakçılarına təqdim edilməsi, biznes planların icrasının monitorinqi proseslərində iştirak edəcək.