Dünya azərbaycanlılarının "Könüllülər ili"nə töhfəsi olaraq Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi tərəfindən "Erməni yalanları dünya mediasında" layihəsinə start verilib.
Unikal.org xəbır verir ki, layihə çərçivəsində Prezident İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi həqiqətlərin beynəlxalq aləmdə yayılması ilə bağlı cağırışına əsasən DFJD-nın sədri Fuad Hüseynzadənin "Marağa-150 abidəsi" adlı məqaləsi xaricdəki soydaşlarımızla birgə dünya mediasının gündəminə çıxarılır. Növbəti olaraq Albaniya-Azərbaycan Dostluq, Elm və Mədəniyyət Cəmiyyətinin sədri, tarixçi-alim Entela Muçonun dəstəyi ilə Fuad Hüseynzadənin "Marağa-150" abidəsi" adlı məqaləsi yerli "Nacional" qəzetində yayımlanıb.
Məqalədə ermənilərin Qarabağa gəlmələri münasibətilə ucaltdıqları “Marağa – 150” tarixi abidəsindən bəhs olunub: "XIX əsrin əvvəllərindən başlayaraq Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinə İrandan və Türkiyədən on minlərlə erməni əhalisi köçürülüb. Tarixçi-alim Türkan Qasımova bildirib ki, 1828-ci il fevralın 10-da Rusiya və İran arasında imzalanan Türkmənçay müqaviləsindən sonra ermənilərin kütləvi şəkildə Azərbaycan ərazilərinə köçürülməsinə başlandı. Türkmənçay müqaviləsinin 15-ci maddəsində belə bir qeyd vardır ki, İranda yaşayan ermənilər bu müqavilədən keçən bir il ərzində Arazdan şimala köçərək istədikləri yerdə məskunlaşa bilərlər. Təkcə 1828-1829-cu illərdə İrandan 40-50 min, Türkiyədən isə 90 min erməni Azərbaycana köçürülüb. Türkiyədən ermənilərin Zaqafqaziyaya köçürülməsi Rus-Türk müharibəsi qurtardıqdan sonra Ədirnə sülh müqaviləsinə əsasən baş verib".
Məqalədə ermənilərin miqrasiyasının bir çox yazılı mənbələrdə qeyd olunduğu önə çəkilib: "Bu, həmçinin ermənilərin özləri tərəfindən də dəfələrlə etiraf edilib. Belə ki, ermənilər Qarabağa gəlmələri münasibətilə “Marağa – 150” abidəsini ucaldıblar. Azərbaycanın Tərtər rayonunun Şıxarx qəsəbəsindəki “Marağa – 150” abidəsi 1978-ci ildə ermənilərin özləri tərəfindən İran Marağasından ilk 200 ailənin Qarabağa köçürülmələrinin 150 illiyi ilə əlaqədar inşa edilib. Adi çay daşlarından inşa olunan abidənin üzərində erməni dilində "Marağa 150" yazısı öz əksini tapıb. Bu abidə 1991-ci ildə ermənilərin özləri tərəfindən dağıdılıb. "Marağa 150" abidəsi erməni miqrantlarının Qarabağa gəlməsinin başlanğıcını göstərirdi.
Ermənilər 1978-ci ildə “Marağa – 150” abidəsinin açılışı münasibətilə təntənəli bayram mərasimi keçiriblər. Şərqşunas və tarixçi, akademik Ziya Bünyadov “Miflər və mifuyduranlar” məqaləsində qeyd edir ki, “Marağa-150” abidəsinin açılışını 1978-ci ilin sonu, 1979-cu ilin əvvəllərində Qarabağın bütün dövri mətbuatı da öz səhifələrində əks etdirmişdi".
Yazıda 1978-ci ildə “Marağa – 150” abidəsinin açılışını şahidi olan Tərtər rayon sakini İlqar Qasımovun fikirləri də verilib: "Bu barədə danışan İ.Qasımov deyib: “O zaman 16 yaşım vardı. Atamla Umudlu kəndinə gedərkən ermənilərin abidənin açılışını etdiklərini gördük. Sözügedən abidə adi qırma çay daşlarından, təxminən 30 kvadratmetr sahəni əhatə edən ərazidə rəngli mozaikadan, “Qızlar bulaq başında” kompozisiyasından ibarət idi. Kompozisiyada eni 1,5 metr, hündürlüyü 3 metrədək olan əsas abidə, sağ və sol tərəflərdə mərmər sütun bulaqlar vardı. Mərmər sütunlarının birinin üzərində yuxarıdan aşağıya doğru 1828, digərinin üzərində isə 1978 rəqəmləri yazılmışdı”. Tərtər rayon sakini bildirib ki, ermənilər Qarabağa gəlmələri münasibətilə analoji abidələr Xankəndi şəhərində və Tərtər rayonunun Çaylı kəndlərində də inşa ediblər
2016-cı ildə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Furio de Angelisi Tərtər rayonunda səfərdə olarkən Şıxarx kəndində "Marağa–150” abidəsinə baxıb və həmin abidənin şəkillərini çəkib".
Məqalədə qeyd olunur ki, ermənilərin “Marağa - 150” abidəsinin qalıqları hazırda Tərtər şəhərinin bir neçə kilometrliyində yerləşən Şıxarx qəsəbəsindədir: "Bu abidənin tarixi-siyasi əhəmiyyəti nəzərə alınaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən onun ətrafında təmir-abadlıq işləri aparılıb, yerə tamet döşənib, əraziyə hasar çəkilib, işıqlandırma sistemi quraşdırılıb. Həmçinin, “Marağa - 150” abidəsi ilə bağlı tarixi sənəd, məlumat və fotolar Dövlət Komitəsi tərəfindən arxivlərdən toplanaraq, Azərbaycan, rus və ingilis dillərində stendlər qurulub".
Qeyd edək ki, bu mövzu haqda Albaniyanın dövlət radiosunda tarixçi-alim Entela Muçonun təqdimatında çıxışın olması da nəzərdə tutulub.
Xatırladaq ki, bundan əvvəl Norveçdəki CAN təşkilatının sədri Şervin Nəcəfpurun dəstəyi ilə Fuad Hüseynzadənin "Marağa-150" abidəsi, eləcə də Azərbaycanın tolerantlıq və sülh siyasəti ilə bağlı müsahibəsi Norveçin "Utrop" (utrop.no) qəzetində yayımlanıb.