Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin “Biz birlikdə güclüyük!” şüarına dəstək olaraq Kürdəmir Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə rayonda ehtiyacı olan yüzlərlə ailələrə ərzaq yardımları paylanılır. 

Unikal.org xəbər verir ki, Rayon İcra Hakimiyyəti Başçısı aparatının əməkdaşları, inzibati ərazi dairəsi üzrə nümayəndələri, bələdiyyə üzvləri, ayrı-ayrı sahibkarlar, o cümlədən rayonun hüquq mühafizə orqanları, digər vəzifəli şəxslər və xeyirxah vətəndaşların qoşulduğu “BİZ BİRLİKDƏ GÜCLÜYÜK” adlı kompaniya çərçivəsində rayonun şəhər, qəsəbə və kəndlərində Kürdəmir Rayon İcra Hakimiyyəti tərəfindən 200 ailəyə, ümumilikdə ehtiyac sahibi olan 700-dən çox ailənin evinə yardım payları çatdırılıb. 

Aprel ayının ilk günlərindən etibarən Kürdəmir rayonunda başlanılmış digər bir xeyirxah təşəbbüslə bəzi ərzaq mağazalarında “Karantin dövründə İkİ ALDIĞINDAN BİRİNİ İANƏ ET” aksiyası da davam etdirilir. Həmin mağazalardan alış-veriş edən xeyirxah şəxslər müəyyən məbləğdə ianə etməklə imkansız, ehtiyacı olan sakinlərin pulsuz çörək və digər ərzaqları əldə etməsinə yardımçı olurlar. 

Rayonda 65 yaşdan yuxarı sosial xidmətə ehtiyacı olan şəxslərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Kürdəmir rayon şöbəsinin əməkdaşları və könüllülər tərəfindən gündəlik xidmət göstərilir.