“İcazəsi olan şəxslər qeyri-iş günlərində evdən çıxmaq üçün digər vətəndaşlar kimi 8103 qısa SMS xidmətindən istifadə etməlidirlər”.
Bunu Unikal.org-a açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib.
E. Zahidovun sözlərinə görə, həmin şəxslərə icazə yalnız işə gedib-gəlmək üçün verilib, istirahət günü onlar da digər şəxslərlə eyni hüquqa malik olurlar.
O bildirib ki, həftənin bütün günü işləyən şəxslər, o cümlədən jurnalistlər polislər tərəfindən nəzərə alınacaq.
Qeyd edək ki, DİN mətbuat xidmətinin yaydığı məlumatda ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi dövründə xidməti vəsiqə və ya iş yeri haqqında arayış əsasında hərəkətinə yol verilən, eləcə də barəsindəki məlumatlar işəgötürən tərəfindən icaze.e-gov.az portalına daxil edilmiş şəxslərin yalnız həftənin iş günlərində icazə almadan hərəkət edə biləcəyi açıqlanıb.