97 saylı Goranboy –Ağdam-Tərtər Seçki Dairəsindən Milli Məclisin deputatı Ağalar Vəliyev və Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun Tatarlı kəndində Azərbaycanın Milli Qəhrəmanı Sərxan Ocaqverdiyevin mayın 6-da keçirilən anım mərasimində iştirak ediblər.
Unikal.org xəbər verir ki, Milli Qəhrəmanın anası Gülzar Ocaqverdiyevanın ,onun ailə üzvlərinin və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə şəhidin məzarı ziyarət olunub və ruhuna dualar oxunub .Anım mərasimində Sərxan Ocaqverdiyevin 1992-ci ildə Ağdərə uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olaraq şəhidlik zirvəsinə ucalması qeyd olunub.
Mərasimdə millət vəkili və icra başçısı Milli Qəhrəmanın keçdiyi şərəfli döyüş yolunun dövlətimiz tərəfindən yüksək dəyərləndirilməsini ,Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən ölkəmizdə şəhid ailələrinə göstərilən hərtərəfli qayğını və onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətlərində görülən işləri xüsusi olaraq vurğulayıblar.
Milli Qəhrəmanın anası Gülzar Ocaqverdiyeva oğlunun və bütün şəhidlərimizin xatirəsinə ehtiramla yanaşılmasına və şəhid ailələrinə göstərilən dövlət qayğısına görə ölkə rəhbərliyinə minnətdarlığını ifadə edib .