Elmsiz alimlər buraxılışı
12:50 23-11-2012
İQTİSADİYYAT
Elmsiz alimlər buraxılışı
Moskvadakı Lomonosov Universitetinnin (MDU) 22 yaşlı tələbəsi Oleq Gerasimov əldə etdiyi elmi yeniliklə həm özü milyonçu olub, həm də onlarla aspiranta və tələbəyə pul qazandırıb. O, avtomobillərin susuz təmizlənməsi üsulunu sərt Rusiya şəraitinə uyğunlaşdırmaq üçün lazım olan kimyəvi maddəni tapmaq qərarına gəlib, bu işə MDU-nun tələbələrini və aspirantlarını da cəlb edib. Nəticədə, bu ali məktəblərdə müdafiə edilən onlarla diplom işinin nəticələri iqtisadiyyatda tətbiq edilib və Oleq Gerasimova MDB-nin bir çox ölkəsini əhatə edən susuz təmizləmə şəbəkəsi yaratmağa imkan verib.
MDU-da işlənən elmi layihələrin iqtisadiyyat tətbiq edilməsi praktikası sovet illərindən var və təsadüfi deyil ki, məhz bu cəhətlərinə görə Lomonosov Universiteti dünya universitetləri siyahısında ilk 100-lüyə girən yeganə MDB universitetidir. Təəssüf ki, Azərbaycan universitetləri belə reytinq siyahılarında çox aşağı yerləri tuturlar. Məsələn, bu ilin ortalarında İspaniyanın "Conseco Superior de İnvestigac Cientifacasiones" qurumu tərəfindən tutulmuş belə bir reytinq siyahısında MDU 43-cü yerdə, Azərbaycanın Xəzər Universiteti 6211-ci, Bakı Dövlət Universiteti - 11736-cı yerdə və Qafqaz Universiteti isə 11895-ci yerdə olub. Azərbaycan universitetlərinin siyahıda belə geri olmasında bir çox amillərlə yanaşı, tədrisin praktika ilə əlaqəsinin zəif olması da rol oynayır.
Beləliklə, Azərbaycanda hər il müdafiə olunan 4 mindən çox magistr diplom işi nəticəsiz, praktika ilə əlaqəsi olmayan elmi fəaliyyətə çevrilir. Özü də bu cür məqsədsiz elmi işlərin miqdarı ildən ilə artır. Misalçün, dövlət və qeyri-dövlət ali təhsil müəssisələrinə magistratura üzrə qəbul olunan tələbələrin sayı 2000-2001-ci illərdə 2,752 nəfər olduğu halda 2011-2012-ci illərdə isə 4, 208 nəfərə qalxıb. Fizika-riyaziyyat elmləri doktoru, Avropa Təbiət Elmləri Akademiyasının akademiki Qüdrət İsaqov da ANS PRESS-ə açıqlamasında Azərbaycanda müdafiə olunan diplom işlərinin əksəriyyətinin köçürmə-plagiat olduğunu vurğulayır. Onun dediyinə görə, xaricdə diplom işlərinin hamısı elmi tədqiqat xarakterlidir: "Tələbə elmi tədqiqat işi apararaq, diplom işi yazır. Bu, kiçik dissertasiya olur. Bu diplom işləri namizədlik dissertasiyasından nisbətən aşağıdır, elmi işdir".
Qüdrət İsaqov təklif edir ki, təhsillə elmin düzgün vəhdəti yaradılmalıdır. Bu, diplom işlərinin tədqiqat işlərinə çevrilməsinə yardım etməli və nəzarət etməlidir. "Məsələn, Təhsil Nazirliyi bütün ali məktəblərin rektorları ilə birgə geniş müşavirə keçirməlidir, orda Azərbaycan Milli Elmlər Akademiyası da iştirak etməlidir. Elmlə təhsilin düzgün vəhdəti yaradılmalıdır. Elmlə təhsil ayrı-ayrılıqda fəaliyyət göstərməməlidir",- deyə ekspert vurğulayır.
Mütəxəssisin sözlərinə görə, AMEA ilə müqayisədə ali təhsil müəssisələrində ümumiyyətlə tədqiqat çox aşağı səviyyədədir. Bu müəssisələr təşkilati baxımdan ayrı fəaliyyət göstərməli, ancaq elmi fəaliyyətdə vəhdət təşkil etməlidirlər, xüsusi proqram qəbul olunmalıdır. Ali məktəblərdəki diplom işləri birmənalı olaraq tədqiqat işlərinə çevrilməlidir. Belə olan təqdirdə fəlsəfə və elmlər doktorlarının işlərinin səviyyəsi də uyğun olaraq yüksələcək. Bütün xarici ölkələrdə diplom işləri elmi tədqiqat əsərləridirlər. Hələ sovet vaxtı da belə elmi əsərləri köçürmə olanda, xaricdə onlar elmi tədqiqat əsərləri idilər.
Amma Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlı isə, ümumiyyətlə, bakalavr səviyyəsində diplom işi anlayışının əleyhinədir. Universitet rektoru bildirib ki, diplom işi anlayışı yalnız magistraturaya xas olmalıdır: "Bu, hər magistraturaya da aid deyil, universitet və ixtisaslardan asılıdır. Bəzi ixtisaslarda tələblər dərslər keçirirlər, imtahan verirlər. Amma dərslərin içində kifayət qədər tədqiqat işləri görürlər. Magistraturanın elə növü də vardır, tələbə bir semestrini ancaq tədqiqat işi yazmağa sərf edir. Onlara ciddi mövzular seçilir, həmin mövzular kafedrada ciddi müzakirə olunurlar. Ona elmi rəhbər seçilir, daha sonra tələbə bu işini müdafiə edir". Həm də Xəzər universitetində hər bir tələbənin elmi işi elektronlaşdırılmış şəkildə saxlanılır və universitetin saytına daxil olmaqla bunu görmək mümkündür. Bu işlər gizlədilmir, üzə çıxarılır. Müəyyən mənada beynəlxalq aləmə açıq olur ki, bu da plagiat imkanların aşağı salır.
Neft Akademiyasının dosenti Xanlar Həmzəyev isə həm bakalavr, həm də magistr sahəsində diplom işlərini saxlamağın mümkün olduğunu vurğulayır. Riyaziyyatçı alim söhbətində bildirib ki, bunun üçün əvvəlcədən xüsusi proqram tutulmalıdır: "Bakalavr səviyyəsində diplom işləri daha sadə olmalıdır ki, tələbələr müəyyən nəticələr əldə edə bilsinlər. İndi bakalavr işləri çox vaxt elmi rəhbərlərin disertasiya işlərinin bir hissəsi olur ki, onu da tələbələr çox vaxt başa düşmür.
Magistr sahəsində isə işlər daha mürəkkəb və nəzəri olmalıdır. Hər müəllimi də magistr işlərinə rəhbər seçmək olmaz, diplom rəhbərləri yalnız elmi işlə məşğul olan müəllimlər seçilməlidir ki, tələbələr müəyyən elmi nəticələr əldə edə bilsinlər. Magistratiuraya da elə tələbələri seçmək lazımdır ki, onlar gələcəkdə elmi işlə məşğul olsunlar. Əgər bu insan gələcəyini elmlə qurmayacaqsa, onu magistraturaya götürməyə nə ehtiyac var?", - deyə alim bildirib.
Fuad
Digər Xəbərlər
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07