Mərkəzi Bankın banklara nəzarəti əmanət cəlb edilməsi hallarını azaltdı
12:41 29-11-2012
İQTİSADİYYAT
Mərkəzi Bankın banklara nəzarəti əmanət cəlb edilməsi hallarını azaltdı
Qorunan əmanətlərin artım tempi ümumi əmanətlərin artım tempindən yüksəkdir
Son bir ildə əhali tərəfindən Azərbaycan banklarına qoyulan əmanətlərin həcmində artım baş versə də, bunu bankların təklif etdiyi dividendin müqabilində adekvat göstərici saymaq olmaz.
Mərkəzi Bankın məlumatına əsasən, banklarda fiziki şəxslərin cəmi əmanətlərinin həcmi 4,4 milyard manat təşkil edir. Bu, keçən ilin eyni dövrünün göstəricisindən artıq olsa da, mütəxəsislər ümumi inkişaf dinamikasının yetərli olmadığını bildirirlər. Bankların əmanətçi sarıdan
korluq çəkməsinin səbəbi isə banklara etibarla bağlıdır (var.az).
Belə ki, bank müflis elan edildikdə əmanətlərin qaytarılmaması riskləri qaçılmazdır. Məsələn, cari ilin yayında müflis elan edilən "Royal Bank" da əmanətlərin 29 faizi Əmanətlərin Sığortalanması Fondu tərəfindən vətəndaşlara qaytarıldı. Məlum oldu ki, bankda yerləşdirilən əmanətlərin 70 faizi qorunmayan əmanətlərdir. Bu, onunla əsaslandırıldı ki, banklarda 12 faizlə yerləşdirilmiş əmanətlər fond tərəfindən sığortalanır. Sığorta hadisəsinə görə hər qorunan əmanətçiyə ödənilməli kompensasiya məbləğinin maksimum həddi 30 min manat olmalıdır.
Qorunmayan əmanətlarin həcmi azalıb
Hazırda banklara qoyulan pulu müqaviləyə uyğun olaraq hər ay, hər 3, 6, 9, 12, 18, 24 hətta 36 və 60 aydan sonra geri götürmək olar. Sadəcə müddətlərin artmasına görə optimal faiz dərəcəsini seçməklə əlverişli müddətə müqavilə bağlamaq daha məqsədəuyğundur. Təhlillər göstərir ki, bu müddətlər arasında ən sərfəlisi pulun bir il müddətinə banka qoyulmasıdır.
Məsələ burasındadır ki, banklar bir qayda olaraq 12 aya qədər əmanət hesabı açanlara təklif etdiyi faiz dərəcələrini daha böyük nisbətlə artırırlar. Amma 12 aydan sonrakı dövr üçün təklif edilən faiz dərəcələrindəki artım həmin müddətə adekvat olmur.
Əmanətlərin Sığortalanması Fondunun cari ilin III rübünün nəticələrinə əsasən, üzv banklar tərəfindən 6 362 090 əmanətçıyə xidmət göstərilir. Onlardan da 6 006 273 nəfəri (94 faizi) qorunan əmanətçidir. Banklarda yerləşdirilən fiziki şəxslərə məxsus 4,4 mlrd. manat əmanətin 64%-ni - 2,8 mlrd. manat qorunan əmanətlər təşkil edir. Əmanətlərin 36%-i, yəni 1,6 mlrd. manatı isə qorunmayan əmanətlərdir.
Üzv banklarda 2012-ci ilin III rübündə fiziki şəxslərin ümumi əmanətləri 122 mln. manat (2,8%), qorunan əmanətlər 195 mln.manat (6,2%) artdığı halda, qorunmayan əmanətlər 45 mln. manat (2,7%) azalıb. Göründüyü kimi, "Royal Bank"la bağlı baş verən sığorta hadisəsi, Mərkəzi Bankın banklara nəzarəti artırması bankların 12 faizdən yuxarı əmanət cəlb etməsi hallarını azaldıb. Rəsmi məlumatlara görə, qorunan əmanətlərin artım tempi ümumi əmanətlərin artım tempindən yüksəkdir. Üçüncü rübdə cəlb edilən əmanətlərin əsasən qorunan əmanətlərdə yerləşdirildiyi, banklarda mövcud olan qorunmayan əmanətlərin bir qismi tədricən qorunan əmanətlərə keçirilib.
Banklara əmanət qoyanda müştərilər nəyi bilməlidi?
Kommersiya bankları sərbəst pul vəsaitlərini demək olar ki, hər bir iqtisadi agentdən-dövlət, müəssisə və əhalidən cəlb edir. Bunun üçün passiv əməliyyatların müxtəlif
növlərindən istifadə olunur. Banklar tələbli əmanət, müddətli əmanət üzrə vəsait cəlb etməklə birgə məktəb əmanəti, təhsil əmanəti və s. şərtlərlə də depozitlər qəbul edirlər.
Hüquqşünas Mehman Muradlı bildirir ki, "klassik" bank əməliyyatları zamanı müştərilərin, bankların müxtəlif mülki hüquq vəzifələri yaranır: " Bank əmanəti əməliyyatı müqavilə əsasında reallaşır. Deməli, kommersiya bankının mülki hüquq vəzifələri bu müqavilədən irəli gəlir. Bu hüquq vəzifələri müqavilə çevrəsində araşdırmaq lazımdır. Bank əmanəti müqaviləsinə görə, bir tərəf (bank), başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək, müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğin, əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Bank əmanəti müqaviləsinin bu şərhindən bir neçə məsələ aydın olur. Birinci aydın olur ki, müqavilə realdır. Yəni, müqavilə üzrə tərəflərin hüquq və vəzifələri razılıqdan başqa əşyanın (pulun) verildiyi andan başlayır. İkincisi, bəlli olur ki, bitərəfli və əvəzlidir. Çünki əmanətçinin bank qarşısında yalnız bir öhdəliyi yaranır. Üçüncü aydın olur ki, müqavilə tərəfləri kommersiya bankı və əmanətçidir. Müqavilənin predmetinin pul, məzmunun bankın əmanətçiyə əmant məbləğini razılaşdırılmış faizlər qaytarma öhdəliyi təşkil etməsi də bu şərhdən bəlli olur.
Bank əmanəti əməliyyatı zamanı kommersiya bankının mülki hüquq vəzifələri qanunvericilikdə əks olunsa da, bu hüquq və vəzifələr müqavilədə də qeyd olunur.
Qanunvericiliyə və standart bank əmanəti müqaviləsinə əsaslanıb, bank əmanətə üzrə kommersiya bankının mülki hüquq vəzifələrini təsvir etməzdən öncə bir məqamı da qeyd edək. Bank əmanəti əməliyyatı yazılı müqavilə əsasında reallaşır və müqavilə müştəriyə əmanət kitabçası, yaxud depozit sertifikatı təqdim etməklə tamamlanır".
Əmanətlərin cəlbi üzrə kommersiya bankı hansı hüquqa malikdir?
Kommersiya bankı əmanət cəlb etməyə lisenziyası olduğu halda hüquqi və fiziki şəxslərdən müxtəlif növ əmanətlər qəbul etmək hüququna malikdir. Bank əmanəti əməliyyatı üzrə kommersiya bankının əsas hüququ budur, kommersiya bankının əsas vəzifələri isə aşağıdakılardır:
- Müştərinin əmanət məbləği üçün müqavilə üzrə müəyyənləşən, müqavilədə göstərilmədiyi halda isə Mülki Məcəllənin 449.1-ci maddəsinə görə faizlə hesablaşmaq və ödəmək, məsələn "X" fərd "Rabitəbank"a müddətli depozit qoyub. Müqaviləyə görə əmanətə illik 15% ödəməlidir. Müqavilədə bu şərt göstərilməsə, faiz ödənişləri özgəsinin pul vəsaitini qanunsuz saxlamağa və s. görə nəzərdə tutulan qaydada - Mərkəzi Bankın müəyyən etdiyi faizlər üzrə həyata keçirilir. Bank əmanəti müqaviləsində başqa şərtlər nəzərdə tutulmayanda, faizlər hər rübün sonunda, əmanət məbləğindən ayrıca ödənilir.
- Kommersiya bankının bank əmanəti üzrə mülki hüquq vəzifələrindən digəri əmanətçinin tələbi ilə bank əmanəti məbləğinin və ya onun bir hissəsinin qaytarılmasıdır. Qanunvericiliyə görə, kommersiya bankı bu məbləği ağlabatan müddətinə, lakin 15 gündən gec olmayaraq qaytarmalıdır (hüquqi şəxslərin əmanəti istisna təşkil edir).
- Kommersiya bankının əmanət əməliyyatı üzrə başqa vəzifəsi fiziki şəxslərin əmanətlərinin icbari sığorta və başqa qanuni yollarla qaytarılmasını təmin etməkdir;
- Əmanət əməliyyatları üzrə vəzifələrdən biri də bankın əmanətin qaytarılmasını təmin etməsi ilə bağlı məlumatları əmanətçiyə verməsidir; pul yiyəsi pulunun gələcək taleyi ilə bağlı ətraflı məlumat ala bilməlidir.
- Kommersiya bankının vəzifələrindən biri də bank əmanəti ilə bağlı məlumatların etibarlı qorunmasıdır; Doğrudur, Mülki Məcəllənin LI fəslində də, standart bank əmanəti müqaviləsində də belə bir müddəa öz əksini tapmır. Ancaq "Banklar haqqında" qanunun 41-ci maddəsinin tələblərindən belə bir vəzifə yaranır. 41.1.-ci maddədə göstərilir ki, bank müştərinin bank hesab, ad, ünvanı və s. haqqında məlumatların sirrinə təminat verir.
Bank əmanətləri üzrə kommersiya banklarının mülki vəzifələrini təhlil edərkən, bir məqam da qeyd olunmalıdır. Bəzi spesifik əmanət növləri üzrə əmanət müqaviləsində xüsusi şərtlər - qanunvericiliyə zidd olmayan şərtlər əks oluna bilər və kommersiya banklarının vəzifələri də bu şərtlərə uyğun müəyyənləşə bilər.
Mehman
Digər Xəbərlər
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00
2024-12-23 12:30:00
2024-12-23 10:39:39
2024-12-23 10:06:03
2024-12-23 09:28:54