“Həftəsonu tətbiq olunan küçəyə çıxma qadağası arzuolunan istiqamətdə getdi”.
Unikal.org xəbər verir ki, TƏBİB-in İdarə Heyətini sədri Ramin Bayramlı Azərbaycan Televiziyasına müsahibəsində bu fikri səsləndirib.
Bildirib ki, vətəndaşların göstərdiyi bu həmrəylik gələcəkdə xəstəliyə yoluxanların sayının azalmasına təsir edəcək.
Məlumat üçün bildirək ki, COVİD-19 virusunun ölkə ərazisində yayıldığı vaxtdan bu günədək ilk dəfə idi ki, ölkəmizdə tamamilə küçəyə çıxma qadağası tətbiq olunurdu. Daha dəqiq desək, müəyyən olunan klastrlar üzrə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda əhalinin hərəkəti tam məhdudlaşdırıldı. Səbəb isə bir idi: vətəndaşların karantin rejiminin tələblərinə riayət etməməsi və nəticədə koronavirus infeksiyasına yoluxanların sayının artması.
Ramin Bayramlı, həmçinin, vətəndaşları özlərinin və yaxınlarının sağlamlıqlarına biganə yanaşmamağa çağırıb. Bildirib ki, elan olunan bütün ictimai və qapalı yerlərdə maskadan istifadə, iş yerlərində sosial məsafəni qoruma, şəxsi gigiyenaya diqqət edilməsi vacibdir. Əgər bunlara əməl olunsa, çox qısa müddətdə normallaşma prosesi mümkündür. Bu yaxınlarda isə daha bir neçə modul tipli xəstəxana istifadəyə veriləcək.