Milli Məclisin deputatı Ağalar Vəliyev “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi barədə acıqlama verib.

Unikal.org xəbər verir ki, deputatın açıqlamasında qeyd olunur ki, qanun layihəsi və müvafiq hesabat “Büdcə sistemi haqqında” Qanuna əsasən yüksək peşakarlıqla hazırlanıb. 

Hesabat 2019-cu ildə Azərbaycanda formalaşmış makroiqtisadi mühiti, dövlət maliyyəsinin idarə olunmasının təkmilləşdirilməsi, o cümlədən yeni büdcə qaydasının tətbiqi və onun nəticələri, ötən il dövlət büdcəsində nəzərdə tutulan gəlir və xərclərin icra göstəriciləri, il ərzində dövlət borclanmasına dair vəziyyəti və digər zəruri məlumatları özündə dolğun şəkildə əks etdirir.

Müstəqillik tarixinin ən qüdrətli dövrünü yaşayan ölkəmiz üçün hesabat ili olan  2019-cu il müasir həyatımızın bütün sahələrində qazanılan yüksək nailiyyətlərlə və  uğurla gerçəkləşdirilən dərin islahatlarla əlamətdar olub. Sürətlə dəyişən beynəlxalq münasibətlər və yeni çağırışlar şəraitində son illərdə  Prezident Ilham Əliyevin ardıcıl həyata keçirdiyi sistemli  siyasi, iqtisadi, sosial, struktur və kadr islahatlarının sayəsində Azərbaycanın bütün parametrlər üzrə davamlı inkişafı təmin edilib. Təsadüfi deyil ki, Dünya Bankı da “Doing Business 2019” hesabatında Azərbaycanı dünyanın ən çox islahat aparan ölkəsi elan edib.

2019-cu ilin dövlət büdcəsi dövlət başçısının müəyyən etdiyi strateji inkişaf prioritetləri və sosial-iqtisadi siyasət istiqamətləri ilə uzlaşdırılaraq qlobal iqtisadiyyatda gedən proseslərin icmal və dövlət büdcələrinin əsas parametrlərinə ehtimal olunan təsirləri nəzərə alınmaqla icra olunub. 

Dayanıqlı və inklüziv iqtisadi inkişafın nəticəsində qeyri-neft sənayesi  14 faiz, kənd təsərrüfatı 7,3 faiz, əhalinin real gəlirləri 4,7 faiz, orta aylıq əməkhaqları 14 faiz artıb. İqtisadiyyatın idarəetmə mexanizminin təkmilləşdirilməsi, şəffaflıq səviyyəsinin artırılması və kölgə iqtisadiyyati ilə aparılan mübarizə öz effektiv təsirini göstərib və büdcə gəlirlərinin proqnozdan artıq icra olunmasına şərait yaradıb. 

Deputat vurğulayib ki, cənab Prezidentin təşəbbüsü ilə keçən il 4,2 milyon insanı əhatə edən və dəyəri  2,3 milyard manat olan iki böyük sosial paketin reallaşdırılması bir daha dövlətimizin siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını sübut edir. 

2019-cu ildə ölkəni strateji valyuta ehtiyatları artaraq 51.4 milyard dollar təşkil edib, bu da ÜDM-in həcmindən çoxdur. Xarici və daxili investorlar üçün əlverişli biznes mühitinin yaradılması, biznesin vergi yükünün optimallaşdırılması, maliyyə-bank sektoru tərəfindən sahibkarlara kredit dəstəyinin verilməsi xüsusi əhəmiyyət kəsb edib. 
Ölkə rəhbərinin bilavasitə tapşırığı ilə biznes mühitinin yaxşılaşması istiqamətində son illərdə həyata keçirilmiş tədbirlər Dünya Bankının sonuncu “Doing Business”, biznes üçün şərait hesabatında yüksək qiymətə layiq görülüb və Azərbaycan 190 ölkə arasında 25-ci yerə yüksəlib. 

Millət vəkili bildirib ki, 2019-cu ilin icmal və dövlət büdcələri yeni büdcə qaydasına müvafiq olaraq hazırlanmış ilk büdcə olduğundan onun icrasını qənaətbəxş hesab etmək olar. Büdcə qaydasının tətbiqi dövlət xərclərinin profisitliyinin əhəmiyyətli dərəcədə aradan qaldırılmasını, dövlət gəlirlərinin formalaşmasında hələ də mühüm xüsusi çəkiyə malik olan neft gəlirlərindən əvvəlcədən müəyyən olunmuş fiskal çərçivə daxilində istifadəsinə şərait yaradıb.

Dövlət və icmal büdcələrinin gəlirləri proqnozla nəzərdə tutulduğundan artıq, xərclərin isə təsdiq edilmiş büdcə ayırmaları həddini aşmadan icra olunub. Belə ki, 2019-cu il üçün icmal büdcənin gəlirləri  34,0 milyard manat və ya proqnoza nisbətən 4,8 milyard manat çox, xərcləri isə 26,5 milyard manat icra olunub. 

İcmal büdcədə proqnoza nisbətən 5,6 milyard manat və ya 4,0 dəfə çox, yəni 7,5 milyard  manat büdcə profisiti yaranıb. 2019-cu ildə dövlət büdcəsinin gəlirləri 24 milyard 218 milyon manat olmaqla proqnoza qarşı 1 milyard 50 milyon manat və ya 4,5 faiz çox icra edilib,  dövlət büdcəsinin xərcləri isə 97 faiz icra edilməklə 24 milyard 426 milyon manat təşkil edib. 
Təqdirəlayiq haldır ki, əldə olunan bütün əlavə gəlirlər və dövlət büdcəsində ənənəvi formalaşan ehtiyatlar istisnasız olaraq dövlət başçısı tərəfindən əhalinin sosial müdafiəsinin güclənməsinə yönəldilib. 

Deputat diqqətə çatdırıb ki, büdcə xarici mənşəli risklərin ölkə iqtisadiyyatına mümkün mənfi fəsadları nəzərə alınmaqla icra olunub və makroiqtisadi sabitliyə xələl gətirmədən iqtisadi artım dəstəklənib. 

Hesabatda dövlət büdcəsindən maliyyələşən dövlət proqramları və tədbirlər üzrə icra vəziyyəti və onların nəticələri barədə məlumatlar və göstəricilər öz əksini tapıb. Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin büdcə gəlirlərində xüsusi çəkisi 2018-ci iilə müqayisədə 1,8 faiz bənd azalıb, dövlət büdcəsinin gəlirlərində qeyri-neft sektoru üzrə daxilolmaların xüsusi çəkisi 2018-ci ilə nisbətən 3,4 faiz-bənd artaraq 43,8 faiz təşkil edib.

Ağalar Vəliyev bildirib ki, 2019-cu ildə dövlət büdcəsinin uğurlu icrası 2020-ci ilin sürətli iqtisadi inkişafı üçün əlverişli zəmin yaradıb. Gözlənilmədən baş verən və xaricdən idxal olan pandemiya şəraiti iqtisadi inkişaf tempimizə təsir etsə də, bu ilin ilk 5 ayının büdcə gəlirlərinin proqnozdan artıq 500 milyon manat icra edilməsi mühüm uğur sayılmalıdır. Suveren iqtisadi ehtiyatlara sahib olan Azərbaycan dövlətinin Prezident İlham Əliyevin rəhbərliyi altında hazırkı dövrdə atdığı operativ social-iqtisadi addımlar ölkəmizin bu çətin şəraitdən minimum itkilərlə çıxmasına və post pandemiya dövründə iqtisadi inkişaf tempinin bərpa edilməsinə imkan verəcək.