COVID-19 pandemiyasının yayılma təhlükəsi səbəbindən sərnişinlər üçün sərhədlərin bağlanmasına görə Azərbaycanda qalan daha 25 Qazaxıstan vətəndaşı və bu ölkədə yaşamaq hüququ olan 9 Azərbaycan və 1 Gürcüstan vətəndaşı Qazaxıstana yola salınıblar.
Bu barədə Unikal.org-a “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən bildirilib.
Məlumata görə, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin “Merkuri 1” bərə gəmisi ilə yola salınan vətəndaşlar ilk olaraq Bakı Limanında COVID-19 pandemiyası ilə bağlı virusa qarşı test keçiblər və testin nəticəsi bütün sərnişinlərdə neqativ çıxıbdır.
Xatırladaq ki, cari ilin 13 may tarixindən Qazaxıstanda karantin dövründə sərhədin keçilməsinə dair yeni qaydalar qüvvəyə minib və bu səbəbdən Kurık limanı ölkə vətəndaşları və ölkədə yaşamaq icazəsi olan xarici vətəndaşların qəbulunu bərpa edib. May və iyun ayı ərzində 53 Qazaxıstan vətəndaşı və 14 xarici ölkə vətəndaşı Bakı Limanından yola salınıb.