Naxçıvan Muxtar Respublikasının bir sıra vətəndaşı Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova müraciət ünvanlayıblar.

Unikal.org-un məlumatına görə, sakinlər Bakı-Naxçıvan-Bakı aviareysi ilə bağlı yaşanan problemi baş nazirin diqqətinə çatdırıblar.

Onların martın 24-dən ölkədə xüsusi karantin rejimi tətbiq olunduğu üçün karantindən əvvəlki dönəmdə Bakı-Naxçıvan-Bakı aviareysi vasitəsilə öz yaşayış və iş yerini müvəqqəti tərk etmiş yüzlərlə insan Bakı və ya Naxçıvanda çarəsiz vəziyyətdə qaldıqlarını bildiriblər:

"Operativ Qərargahın təklifləri əsasında hazırlanmış planla AZAL iyunun 18-dən Bakı-Naxçıvan-Bakı istiqamətində uçuşları bərpa edir. Lakin bilet satışı onlayn aparıldığı üçün biletlərin satışa çıxarıldığı 11 iyun 2020-ci il 17:20 radələrindən 20-30 dəqiqə sonra sistemdə texniki problemlər yarandı. Bilet satışının mexanizmi qəfil açıqlandığı üçün maaş və ya şəxsi kartlarında vəsait olmayan, texnoloji prosesi bilməyən vətəndaşlar bilet ala bilmədilər.

Təxminən 12 saat sonra isə AZAL tərəfindən biletlərin tam satıldığı deyildi. Qısa müddət kəsimində 18, 23, 25 və 30 iyun, eləcə də iyulun 2-si tarixlərinə biletlərin tam satılması tələbatı ortaya qoydu.

Ancaq bu belə tam zəruri tələbatı ödəmədi. Hazırda bilet ala bilməyənlərin sırasında onlarla ağır xəstələr (müalicə, müayinə və əməliyyatı Bakıda zəruri olanlar), yüzlərlə ailəsindən - həyat yoldaşı və ya himayə yaşındakı uşaqlarından ayrı düşən insanlar var. Buna görə də əlavə aviareyslərin açılmasını xahiş edirik" deyə müraciətdə bildirilir.

İlkin Sultanlı