ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer iyunun 6-da Bakı Amerika Mərkəzinə ev sahibliyi edən Azərbaycan Dillər Universitetinə müraciət edərək mövcud pandemiya vəziyyəti ilə bağlı fikirlərini bildirib. (İzlə:https://www.youtube.com/watch?v=hSucYfr4zAY&feature=youtu.be). Səfir öz müraciətində Bakı Amerika Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirərək universitetin rektoru, akademik Kamal Abdulla ilə yenidən görüşmək ümidini ifadə etmişdi: “Şəxsi tədbirlərimizi, dərslərimizi və dərnəklərimizi davam etdirə biləcəyimiz günü səbirsizliklə gözləyirəm. Və o gün gələrkən, sizi və xüsusilə rektor Kamal Abdullanı şəxsən qarşılayaraq mərkəzimizdə yenidən salamlamağı planlaşdırıram”.
Unikal.org xəbər verir ki, ADU-nun rektoru, akademik Kamal Abdulla sözügedən müraciətlə bağlı səfir Litzenberqerə təşəkkür məktubu ünvanlayıb. Məktubda deyilir:
“Hörmətli cənab səfir!
Bu günlərdə sizin Azərbaycan Dillər Universitetinin tələbələri və müəllimləri haqqında səsləndirdiyiniz fikirlərə çox diqqətlə qulaq asdım. Mənim həmkarlarım da bunu dinlədilər. Sizə təşəkkür edirik ki, bizim birgə əməkdaşlığımızı belə yüksək qiymətləndirirsiniz. Ümidvaram ki, bu ağrılı günlərdən bütün ölkələr ləyaqətlə keçəcək. Azərbaycan da, Amerika da koronoviruslu günləri yuxu kimi xatırlayacaq. Biz daha sıx, daha real münasibətlərimizi həmişə olduğu kimi davam etdirə biləcək, sizi universitetimizdə görməkdən məmnunluq hissi keçirəcəyik. Amerika Mərkəzinin Azərbaycandakı fəaliyyətini, universitetimizdəki fəaliyyətini yüksək qiymətləndirirəm. Sizə də təşəkkür edirəm ki, mərkəzə və universitetimizə belə diqqət yetirirsiniz. Sizə uğurlar və can sağlığı arzu edirəm”.