Koronavirus (COVID-19) infeksiyasının ölkədə yayılması, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə respublikada tətbiq olunan xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən əhalinin sağlamlığının qorunması, təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində mütəmadi olaraq ictimai iaşə müəssisələri, həmçinin ərzaq satışı məntəqələrində maarifləndirmə xarakterli reydlər həyata keçirilir, sahibkarlar xəstəliyin profilaktikası, virusdan qorunmaq yolları barədə ətraflı məlumatlandırılır.
Unikal.org xəbər verir ki, agentlik tərəfindən sahibkarların və istehlakçıların maarifləndirilməsinə yönəlmiş genişmiqyaslı tədbirlərə bu dəfə AQTA-nın “Könüllü Qida Nəzarətçisi” proqramının könüllüləri də cəlb edilib. Belə ki, könüllü qida nəzarətçiləri ərzaq mağazaları və ictima iaşə müəssisələrində vətəndaşlarla koronavirusdan qorunmağın yolları, onun törədə biləcəyi fəsadlar haqqında maarifləndirici tədbirlərdə iştirak edib, eyni zamanda ərzaq məhsulları və meyvə-tərəvəz alarkən diqqət ediləcək məqamlar, ərzaq və ictimai iaşə müəssisələrində kassaların qarşısında növbə zamanı 2 metrlik məsafənin saxlanılması, tibbi maskadan istifadənin önəmi ilə bağlı tövsiyələri istehlakçıların nəzərinə çatdırıblar.
Könüllü qida nəzarətçiləri karantin rejimi dövründə AQTA tərəfindən hazırlanaraq ərzaq mağazaları və ictimai iaşə obyektlərinə təqdim olunan koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlər və sözügedən obyektlərdə yerləşdirilən posterlərlə istehlakçıları tanış ediblər. Həmçinin könüllü qida nəzarətçiləri tibbi maskasız ərzaq mağazalarına daxil olan şəxslərə maska və əlcəklər paylayıb, fərdi mühafizə vasitələrinin virusdan qorunmaqda əhəmiyyətini onların diqqətinə çatdırıblar.
Qeyd edək ki, Agentlik tərəfindən əhalinin sağlamlığının qorunması, təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl olaraq zəruri tədbirlərin həyata keçirilməsi, vətəndaşların, istehlakçı və sahibkarların maarifləndirilməsi tədbirləri bundan sonra da davam etdiriləcək.