Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova universitetin tələbə fəalları ilə video-konfrans formatında görüş keçirib. Görüşdə tədris işləri üzrə prorektor Akif Qasımov və fakültə dekanları iştirak edib.
Unikal.org xəbər verir ki, giriş sözü ilə çıxış edən rektor koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar ölkəmizdə aparılan işlərdən, dövlət başçısı İlham Əliyevin vaxtında verdiyi əhəmiyyətli qərarlar nəticəsində koronavirusla mübarizədə qabaqlayıcı tədbirlərdən danışıb. Eyni zamanda rektor pandemiyanın digər sahələrdə olduğu kimi təhsil sisteminə, tədris prosesinə mənfi təsirinə də toxunub. O qeyd edib ki, mövcud şəraitdə ortaya çıxan problemlərin müvafiq qurumların - Azərbaycan Respublikası Nazirlər Kabineti, Nazirlər Kabineti yanında Operativ qərargah, Təhsil Nazirliyinin verdiyi qərarlar əsasında aradan qaldırıması üçün işlər aparılır. G.Məmmədova AzMİU-da da onlayn dərslərin uğurla aparıldığını, müəllim və tələbələrin aktivliyini xüsusi vurğulayıb. Belə ki, 240-dan çox akademik heyətin cəlb edildiyi onlayn dərslərdə 170 mindən artıq qatılma qeydə alınmışdır. Mərkəzi dərs cədvəli üzrə 2500-dən artıq, mərkəzi cədvəldən kənar fərdi qaydada isə müəllimlər tərəfindən 1500-ə yaxın onlayn dərs keçirilmişdir. Görülən işlər nəticəsində universitetin 5000-dən çox videodərs və 10000-dən çox elektron mühazirə və dərs vəsaitindən ibarət rəqəmsal tədris bazası formalaşıb.
Çıxışında rektor yay imtahan sessiyası ilə bağlı universitet Elmi Şurasının qəbul etdiyi qərarlar və onlayn rejimdə keçiriləcək imtahan qaydaları ilə bağlı da tələbələrə ətraflı məlumat verib, ölkədə pandemiya ilə əlaqədar yaranmış vəziyyətə uyğun olaraq AzMİU-da yazılı imtahanlarda sualların sayının azaldılması, test imtahanlarının sadələşdirilməsi və başqa güzəştlərin tətbiq olunduğunu bildirib. Rektor yay imtahan sessiyasında tələbələrə uğurlar arzulayaraq pandemiya şəraitinin mütəxəssis hazırlığına minimum mənfi təsir etməsi ilə bağlı öz fikirlərini tələbələrin diqqətinə çatdırıb.
Sonda tələbələri narahat edən suallar rektor Gülçöhrə Məmmədova, tədris işləri üzrə prorektor Akif Qasımov, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Bayram Aslanov və fakültə dekanları tərəfindən ətraflı şəkildə cavablandırılıb.