Rəsmi Vaşinqton Almaniyadakı hərbi kontingentinin sayını azaldır. Buna səbəb Berlinin Şimali Atlantika Alyansına (NATO) külli miqdarda borcunun olmasıdır.

Unikal.org xarici KİV-ə istinadən  xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bunu “The Wall Street Journal” qəzetinə verdiyi müsahibədə bildirib.

Birləşmiş Ştatların dövlət başçısı deyib ki, Almaniyadakı hərbi kontingenti saxlamaq ABŞ xəzinəsinə baha başa gəlir, Almaniya isə NATO-ya ödənişləri gecikdirir.

“Onlar çox pul borcludurlar. Hesab üzrə ödəmirlər”, - deyə D.Tramp qeyd edib.

ABŞ prezidenti əlavə edib ki, Birləşmiş Ştatların ordusu Almaniyanı Rusiyadan qoruyur:

“Güman edilir ki, biz Almaniyanı Rusiyadan müdafiə edirik, deyilmi? Eyni zamanda, Almaniya Rusiyaya enerji daşıyıcılarına görə milyardlarla dollar ödəyir”, - ABŞ lideri əlavə edib.

Qeyd edək ki, Donald Tramp daha əvvəl NATO üzvü olan bütün ölkələrdən müdafiə xərclərini ümumi daxili məhsulun 2 faizinə qədər artırmağı tələb etmişdi.