Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları mobil telefonların qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar.
Bu barədə Unikal.org-a DGK-ya istinadən xəbər verir.
Belə ki, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, həmin ölkə vətəndaşının idarə etdiyi "DAF" markalı yük avtomobili saxlanılıb, sürücüsü şifahi sorğu-sual olunub.
Bu zaman o, idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən har hansı predmetin olmadığını bildirib.
Yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqusunda olan və ölkə ərazisinə gömrük rəsmləşdirilməsi üçün gətirdiyi " Toyota Prius" markalı avtomobilin baqajının sağ-sol ətraflarında gömrük nəzarətindən gizlədilən 8 ədəd " Samsung A 51 Prism Crush", 1 ədəd " Mi Note 10 Pro Aurora Green 8 GB" və 1 ədəd " Mi Note 10 Pro Midnight Black 8 GB" markalı mobil telefonlar aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.