Bakıda karantin rejimini pozan kafe aşkarlanıb. Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməkdaşları paytaxtın Nərimanov prospektində yerləşən "Əfsanə" kafesində keçirilən qonaqlığın qarşısını alıb. Polis əməkdaşları gələrkən müştərilərin bəzisi pəncərədən qaçmağa cəhd etsə də, məqsədlərinə nail ola bilməyiblər.

Unikal.org xəbər verir ki, kafe sahibinin dostu doğum gününü qeyd etmək üçün tanışlarını ora dəvət edib. Lakin onların bu arzusu puç olub. Keçiriləcək məclisin 27 iştirakçısı 2-ci polis bölməsinə gətirilib. Məclis iştirakçıları barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək onların da hər biri 100 manat məbləğində cərimə olunub, kafe sahibi ilə bağlı materiallar isə məhkəməyə göndərilib.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə iyunun 21-dən iyulun 5-dək elan olunmuş ciddi karantin rejimi dövründə bütün ictimai iaşə obyektlərində, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yerində xidmət dayandırılmalıdır. Bundan başqa, ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və sair yerlərdə şəxslərin 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilir.