Sosial şəbəkələrdə ən çox qınanılan mövzulardan biri də efirlərdə 1960-1980-ci illərə aid filmlərin nümayiş etdirilməsidir. İnsanların çoxu hazırda vətənpərvərlik mövzusunda yeni filmlərlərin çəkilmədiyindən şikayətlənirlər.

Sözügedən məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin sektor müdiri Müşfiq Hətəmov bildirib ki, bunun səbəbi televiziyalardakı proqram departamentlərinin qeyri-peşəkarlığıdır:

“İnsanları qınamıram, çünki adi vətəndaşlar yeni filmləri tanımırlar. Köhnə filmləri nə qədər göstərmək olar? Köhnə filmlər də düzgün təbliğ edilmir, 4-5 film var ancaq onları efirə verirlər. Tək mənim dövrümdə neçə yeni filmlər çəkilib, ancaq  “Dolu” və “Yarımçıq xatirələr” adlı filmlər göstərilir.  Tək onlar deyil axı, “Üçüncü günün adamı”, “Qisas almadan ölmə”, Eldar Quliyevin “Dərvişin qeydləri”, “Mən evə qayıdıram” kimi filmlər vətənpərvərlikdən, Qarabağdan və milli kimliyimizdən bəhs edir. Hətta Qarabağ mövzusunda çəkilən “Nabat” filmi beynəlxalq rezonans doğuran filmlərdən oldu. 1941-1945-ci illərə həsr olunan filmlərimiz var, milli qəhərmanlar haqqında 100-dən çox sənəndli film çəkilib. Gənc rejissorların Qarabağa aid 15 –ə yaxın qısametrajlı filmləri var ki, heç biri gösərilmir. Bu proqram departamentlərinin qeyri-peşəkarlığındandır".

Dürrə Həsənova