Azərbaycan tamaşaçısını düşündürən əsas sual
03:34 31-03-2012
İQTİSADİYYAT
Azərbaycan tamaşaçısını düşündürən əsas sual
Son vaxtlar gündəmdə olan məsələlərdən biri də Azərbaycanda peyk antenalarının yığışdırılacağı və rəqəmsal yayıma keçiləcəyi ilə bağlı xəbərlərdir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi 2013-cü tam rəqəmsal yayıma keçilməsini planlaşdlırır. Lakin, ölkədə analoq televizorların 80 faiz təşkil etməsi səbəbindən bir müddət hər iki yayım paralel aparılacaq.
Çanaq antenləri
niyə ləğv olunur və nə ilə əvəz ediləcək?
Heç kimə sirr deyil ki, yerli telekanalların aşağı səviyyəli proqramlarından bezən əhali televiziyaya olan ehtiyacını əsasən peyk antenaları və kabel televiziyası vasitəsilə ilə xarici telekanları izləməklə təmin edir.
Hesablamalara görə, son illərdə peyk antenlərinin satışı xeyli artıb. Bunu adi gözlə də müşahidə etmək mümkündür. Bir çox binaların fasadında və damında artıq boş yer qalmayıb. Hətta 2-3 çanaq quraşdıranlara da rast gəlinir.
Bəzi fikirlərə görə, eyvanlara, damlara asılmış çanaq antenləri şəhərlərin arxitekturasına da xələl gətirir. Eyni zamanda, qeyd edilir ki, peyk antenləri binaların damındakı bacalara və digər kommunal sistemlərə maneə yaradır.
Bir sıra ölkələrdə rəqəmsal sistemlə yüzlərlə tele ve radio kanal yayımlanır. Müxtəlif paketlər var, xüsusi sifarişlər də mümkündür, qiymətlər də çox ucuz olur. Bəzi ölkələrdə xarici kanalların yerüstü yayımı qadagandır, peyk anteni ilə yayıma isə qadağa yoxdur.
Qeyd edək ki, peyk antenalarının qadağan olunması praktikası dünyanın bəzi ölkələrdə tətbiq olunur. Şimali Koreya, Birma, Türkmənistan və s. ölkələrdə belə qadağalar mövcuddur.
Lakin, rəqəmsal yayımı dəstəkləyən televizorların qiyməti 400-500 manatdan başlayır, əksər vətəndaşların onu almağa imkanı yoxdur. Analoq televizorlara quraşdırılacaq dekoderlərin qiyməti isə 30-40 manat arasındadır.
Peyk antenalarının
yığışdırılması
nəzərdə tutulmur
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bir qədər əvvəl jurnalistlərə açıqlamasında bildirib ki, rəqəmsal yayıma keçid ən uzağı 2013-cü ilin birinci yarısında bitməlidir: "Düşünürəm ki, analoq yayım uzun müddət rəqəmsal yayımla paralel aparılmalıdır. Çünki Azərbaycanda rəqəmsal televizorların sayı azdır. Qanuna görə, hər bir Azərbaycan vətəndaşı Azərbaycan telekanallarını pulsuz izləməlidir. Peyk antenalarının yığışdırılması da hələ ki, nəzərdə tutulmur".
Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli isə deyir ki, rəqəmsal keçid üçün əhalinin dekoderlərə ehtiyac var: "Bu dekoderlər "Kur" zavodunda hazırlanır. Lakin, 30-40 manata satılan dekoderlərin qiyməti hələ yüksəkdir. Bununla bağlı problemlərin həlli üçün tədbirlər görüləcək. Əgər analoq yayımda 1 tezlikdə yalnız 1 telekanal fəaliyyət göstərirdisə, rəqəmsalda həmin tezlikdə onlarla televiziya kanalı fəaliyyət göstərə biləcək".
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün fikrincə, bu cür tələskənliyə ehtiyac yox idi. "Avropada hələ 2015-də bu sistemə keçəcəklər, bizdə niyə tələsirlər anlamıram. Bir çox ailələrin dekoder almağa imkanı yoxdur, onlara bunu pulsuz vermək olar. Gürcüstan dövləti artıq təqaüdçülərə pulsuz dekoder paylamağa başlayıb"- ekspert deyir.
RİT nazirinin müavini İltimas Məmmədov deyir ki, "Eurovision-2012" mahnı müsabiqəsi başlayanadək Bakı və paytaxt ətrafında analoq siqnalın yayımı dayandırılacaq. "Ölkənin digər regionlarında da tədricən rəqəmsal formata keçid təmin ediləcək. Rəqəmsal yayıma keçdikdən sonra tədricən peyk antenlərindən imtina ediləcək"- o bildirib.
Xarici telekanalları hansı vasitələrlə izləyirik?
Araşdırmalara görə, ölkədə peyk antenalarından əhalinin 70%-i istifadə edir, çünki Azərbaycan əhalisinin əksəriyyəti xarici telekanalları izləyir. Xarici kanallara baxmaq üçün bir neçə variantdan yararlanmaq mümkündür.
Bunlardan biri şəxsi peyk antenləri quraşdırmaq, digəri isə kabel televiziyalarına abunə olmaqdır. Kabel televiziyalardan fərqli olaraq peyk antenalarında seçim imkanı genişdir. Məsələn, tamaşaçılar bu antenalar vasitəsilə yüzlərlə xarici telekanalı izləyir, istədikləri informasiya, film və s proqramlara baxa bilirlər.
Hazırda orta səviyyəli peyk antenlərin qiyməti 50-100 manatdır. Çanaq üzərində 2 qəbuledici başlıq qoyulduqda yüzlərlə Rusiya, Türkiyə, Avropa və s ölkələrin kanallarını izləmək mümkündür. Burada aylıq xərc yoxdur.
Kabel televiziyasında ən ucuz paketin aylıq abunə haqqı 9 manatdır. Bu məbləğə şirkətin müxtəlif ölkələrdən seçdiyi 50-dən yuxarı telekanala baxmaq mümkündür. Lakin, kabel televiziyaları hərdən kanaları pozub yenisini əlavə edir ki, bu da narazılığa səbəb olur.
Təbii ki, ölkəmizdə bu sistemlərdən yararlana bilməyənlər də var. Onlar da adi antena ilə əsasən ölkə və regional kanallara, sərhəd bölgələrdə yaşayanlar isə həm də qonşu ölkələrin kanallarına baxırlar.
Azərbaycanda
hansı xarici telekanallar
daha çox izlənir?
Tamaşaçlar əsas paketdə hansı xarici telekanalları görmək istəyərdilər? Bu məsələni aydınlaşdırmaq üçün "Facebook" sosial şəbəkəsində kiçik bir sorğu keçirdik. 64 nəfərin iştirak etdiyi sorğunun ümumi nəticələrinə görə, tamaşaçılar əsasən, Rusiya və Türkiyə telekanallarını izləməyə üstünlük verirlər.
Qeyd edək ki, sırf bu ölkələrin kanalları arasındakı seçim zamanı respondentlərin 60%-i daha çox Rusiya (OPT, PTP, HTB+, CTC, THT, Nostalji, PEH TV) televiziyalarını izlədiklərini bildirdilər. Bu ölkənin televiziyalarında əsasən informasiya, siyasi analizlər, elmi proqramlar, bədii və sənədli filmləri izləyirlər.
İkinci yerdə təxminən 30 faizlə Türkiyə televiziyaları (Kanal D, NTV, CNN-Türk, Star, ATV, Şou TV) oldu. Bu ölkə kanallarında bizim seyrçilər əsasən teleserialları, şou verilişləri və xəbərləri izləyirlər.
Qalan 10 %-i isə, əsasən Almaniya (N24, VOX), ABŞ (CNN, CNBC, SBS), Britaniya (BBS, EBC) və Fransa (TV5) kanalları təşkil edir. Bu sırada 3 nəfər "Evronews"-i, 2 nəfər Hindistan, 1 nəfər İran televiziyalarını, 1 nəfər isə ərəb telekanalı "Əl-Cəzirə"-ni izlədiyini yazdı. Bu kanallardan əsasən xəbərlər və filmlər izlənir.
Əsas paketə
hansı kanalların
salınması arzu edilir?
Respondentlərimiz deyir ki, əsas paketə salına kanalların sayı 30-dan az olmasa yaxşıdır. Həm də kanal seçimində onların proqram səviyyəsini nəzərə almaq lazımdır. Sorğumuzun nəticələrini ümimiləşdirsək, o zaman seyrçilərimizn ilk onluqda görmək istədikləri xarici telekanallar bunlar olur;
1. OPT (Rusiya)
2. HTB (Rusiya)
3. Kanal D (Türkiyə)
4. PTP (Rusiya)
5. ATV (Türkiyə)
6. CTC (Rusiya)
7. Evronews (Avropa)
8. Star (Türkiyə)
9. CNN (ABŞ)
10. TRT (Türkiyə)
Sorğu iştirakçıları növbəti 20-likdə əsasən ixtisaslaşmış kanalları görmək istəyirlər. Xüsusilə də də, uşaq, idman, film, yumor, elm-təhsil, mədəniyyət üzrə ixtisaslaşmışları. Sonrakı iyirmilikdəki kanallardan isə yuvarlaq desək, Rusiya (60%), Türkiyə (30), Avropa (10) televiziyalarına üstünlük verilir.
Elçin Bayramlı
P.S. O ki qaldı tamaşaçıların xarici kanallara daha çox üstünlük verməsinə, proseslə birbaşa bağlı olsa da, bu, tamam başqa bir mövzunun söhbətidir, növbəti yazıda elə bunun səbəblərini araşdırmağa çalışacağıq.
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00