Bakıda və Abşeron yarımadasında 31 iyulda havanın yağmursuz keçəcəyi, mülayim şimal-qərb küləyinin əsəcəyi, gündüz cənub-şərq küləyi ilə əvəz olunacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Unikal.org-a verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 21-23, gündüz 30-33, Bakıda gecə 21-23, gündüz 30-32 dərəcə isti olacaq.

Atmosfer  təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.  

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə  şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz əksər rayonlarda havanın yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu  gecə 20-25, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz  20-25 dərəcə  isti olacaq.  

Tibbi-meteoroloji proqnoza gəlincə, iyulun 31-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.