Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bu gün Azərbaycan Ordusunun general-mayoru Polad Həşimovun doğulub boya-başa çatdığı Qəbələ rayonunun Vəndam kəndində olub.

QMİ-dən Unikal.org-a verilən məlumata görə, şəhidin ata ocağını ziyarət edən Şeyxülislam A. Paşazadə xalqımızın qəhrəman oğlu Polad Həşimovun əziz xatirəsini anmaq üçün məhz bu günü — müqəddəs Qurban bayramının Ərəfə gününü seçdiyini xüsusi vurğuladı.

Şeyxülislam A. Paşazadə bildirdi ki, əzəmətli Ərəfə günü Həcc ziyarəti zamanı xüsusi önəm kəsb edən mübarək zamandır. Bu ilki Ərəfəni qəhrəman şəhid ocağında keçirərək şəhidimizin mübarək ruhunu yad etməkdən şərəf  və qürur yaşadığını qeyd edən Şeyxülislam A. Paşazadə Vətəni sevməyin imandan olduğunu xatırlatdı. Bildirdi ki, Vətən torpağı uğrunda şəhid olanlar, Peyğəmbər Məhəmməd Salavatullahın mübarək hədisində buyurulduğu kimi, Allah yanında imanın, mənəviyyatın ən yüksək məqamına yüksəlmişlərdir.

Şeyxülislam A. Paşazadə haqq işimiz yolunda mücadilədə canını fəda etmiş general-mayor Polad Həşimovun atası və övladlarına başsağlığı verdi, II Fəxri Xiyabanda uyuyan qəhrəman hərbçimizin məzarını ziyarət etdiyini, onun ruhu üçün dualar oxuduğun bildirdi. O qeyd etdi ki, düşmənin sərhədlərimizdə törətdiyi son məkrli təxribat zamanı qəhrəman zabit və əsgərlərimiz şəhid olmuş, dinc sakin qətlə yetirilmişdir. Şeyxülislam A. Paşazadə Vətən uğrunda canlarından keçən bütün şəhidlərimizi yad etdi, Tovuz rayonu ərazisində düşmən təxribatı zamanı şəhid olmuş 12 hərbçimizin xatirəsini andı, Allahdan onlara rəhmət dilədi. QMİ sədrinin birinci müavini Müfti Salman Musayev şəhidlərimizin ruhu üçün dualar oxudu.