Rizvan Vahabov müəmması
13:04 11-12-2012
CƏMİYYƏT
Rizvan Vahabov müəmması
ARDNŞ-in sabiq idarə rəisi ittihamları rədd edir, amma...
Qəzetimizin sonuncu sayında «ARDNŞ-in idarə rəisinin Rəsul Quliyevlə şok sövdələşməsi» başlıqlı yazı dərc olunub. Yazıda 2011-ci ilin iyulun 11-də saat 13 radələrində Bakıda qətlə yetirilən "Azər-Ross" mənzil-tikinti kooperativinin təsisçisi Əflatun Piriyevin öldürülməsi ilə bağlı təqsirli bilinən şəxslərdən Hümbət Məmmədov "Azadlıq" qəzetinə göndərdiyi məktubdakı sensasion bir məqama diqqət çəkilirdi.
Yada salaq ki, həmin məktubunda müəllif iddia edirdi ki, Dövlət Neft Şirkətinin Neft Kəmərlər İdarəsinin sabiq rəisi Rizvan Vahabov 2005-ci ildə Rəsul Quliyevin gəlişi üçün pul veribmiş. Həmin pulun məbləği də açıqlanıb: 300 min dollar. İddiaya görə, Rəsul Quliyev hakimiyyətə gələrsə, Rizvan Vahabov ARDNŞ prezidenti postuna təyinat alacağı təqdirdə əlavə 30 milyon dollar da verəcəkmiş.
Biz bu iddialardan yola çıxıb bəzi maraqlı qənaət, fərziyyə və ehtimallarla çıxış etmişdik; yazı dərc olunduqdan sonra isə redaksiya rəhbərliyi ilə əlaqə saxlayan Rizvan Vahabov barəsindəki iddiaları yalan adlandırıb. Haqqında söylənilənlərin iftira olduğunu bəyan edən ARDNŞ-in sabiq idarə rəisi bununla belə mövzu ətrafında yaranan çoxsaylı sualları ətraflı şəkildə cavablandırmaqdan imtina edib. Vahabov qəzetimizə müsahibə verməsi yönündə təklifi qəbul etməyərək sadəcə, yuxarıda nəzərinizə çatdırdığımız fikirlərlə kifayətlənib.
İddiaların yalan olmasını deyən ARDNŞ-in sabiq idarə rəisinin hansı səbəbdən həmin “yalan və iftiraların müəllifi”nə qarşı hüquqi yollara baş vurmaması qaranlıq qalır. Hümbət Məmmədovun ittihamlarını məhkəmə yolu ilə aydınlaşdıraraq üzərindəki şübhələri qaldırmağa çalışmaq ən doğru yol olmazdımı?
Digər tərəfdən də məlum ittihamların həm də hüquq-mühafizə orqanları tərəfindən araşdırılmasına ciddi ehtiyac var; ən azı ona görə ki, söhbət kifayət qədər mühüm dövlət qurumlarından birində yüksək vəzifə tutmuş şəxsin barəsində faktiki rüşvət vermək və hakimiyyət əleyhinə qanunsuz planlarda rol almaq kimi önəmli iddiaların ortaya atılmasından gedir.
Əlbəttə, hazırda həbsdə olan bir şəxsin konkret adlar və rəqəmlər üzərində hansısa ittihamlar səsləndirməsi həmin ittihamların birmənalı olaraq doğruluğu yönündə mülahizələr irəli sürmək üçün tam əsas yaratmır, bununla belə, ittihamların ciddiliyi onların aydınlığa qovuşdurulmasını qaçılmaz edir. Ən azı ona görə ki, əks halda mühüm postlar tutan başqa şəxslərin də həlledici vəziyyətlərdə analoji davranışlara əl atmaq kimi bir vərdişi yaranmasın, eyni zamanda çoxlu suallar öz cavabını tapsın, müəmmalar konkretliyə qovuşsun.
Seymur Quliyev
Digər Xəbərlər
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22
2024-11-23 14:14:36
2024-11-23 12:58:51
2024-11-23 12:44:50
2024-11-23 11:53:04