Prezident İlham Əliyevin 12 avqust 2020-ci il tarixli sərəncamına əsasən, əhalinin içməli suya tələbatının ödənilməsi, həmçinin əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə layihələrin icrasına başlanıb. Sərəncama uyğun olaraq 15 rayonun 24 kənd və qəsəbəsində yeni subartezian quyularının qazılması nəzərdə tutulur.

Unikal.org xəbər verir ki, bu barədə "Azərsu" ASC-nin açıqlamasında bildirilir. 

Məlumatda həmçinin deyilir ki, sərəncama əsasən, Beyləqan rayonunun Mil, Yeni Mil və Milabad qəsəbələrinin hər birində subartezian quyuları qazılacaq. Bu qəsəbələrdə içməli su problemi uzun illər mövcud olub. Əhali suya olan tələbatını arx suları hesabına və uzaq məsafələrdən maşınlarla daşıyaraq ödəyib. Xüsusilə yay aylarında kənd sakinləri içməli sudan ciddi əziyyət çəkib.

Kənd sakinlərini təhlükəsiz içməli su ilə təmin etmək üçün yeraltı sulardan istifadə olunması qərara alınıb. Bu məqsədlə ərazidə tədqiqat işləri aparılıb və 150 metr dərinlikdəki lay sularından istifadə olunması layihələndirilib. Subartezian quyularının qazılmasına “Azərsu” ilə yanaşı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR)  quyuların qazılması sahəsində ixtisaslaşmış təşkilatları cəlb olunub. Qazıntı işləri yekunlaşdıqdan sonra quyularda nasos və transformatorlar quraşdırılacaq və quyular elektrik enerjisi ilə təmin olunacaq.

Hazırda Milabad qəsəbəsində subartezian quyusunun qazılması işləri yekunlaşmaq üzrədir. Bu qazma qurğuları hesabına növbəti mərhələdə Mil və Yeni Mil qəsəbələrində də subartezian quyuları qazılacaq. Ümumilikdə 24 yaşayış məntəqəsində subartezian quyularının qazılması işlərinin cari ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.

Layihələrin icrası 15 rayonun 24 yaşayış məntəqəsində  65 mindən çox sakinin içməli su təchizatının yaxşılaşdırılmasına və suvarma suyuna olan tələbatının ödənilməsinə imkan yaradacaq. Qeyd edək ki, “Azərsu”yun sifarişilə ötən illərdə icra olunmuş layihələr çərçivəsində respublikanın müxtəlif bölgələrində 350-dən çox subartezian quyuları qazılıb.