Gimnastika növləri üzrə yığma komandaların məşq etdiyi Milli Gimnastika Arenası (MGA) ərazisində yerləşən köməkçi zalın sökülməsinə qərar verilib.
Unikal.org-un Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, buna səbəb zalın istifadə müddətini başa vurmasıdır.
Xüsusi konstruksiya əsasında quraşdırılmış bu tip qurğuların istismar müddəti məhdud olduğu üçün bir müddət sonra artıq istifadəyə yararsız olur. 2013-cü ildən fəaliyyət göstərən idman qurğusunun ümumi sahəsi 6000 m2-dir.
Qeyd edək ki, zal 2015-ci ildə keçirilmiş ilk Avropa Oyunları, həmçinin 2017-ci ildə təşkil edilmiş 4-cü İslam Həmrəyliyi Oyunları zamanı əsas məşq bazası kimi fəaliyyət göstərib. Burada həm də Bakıya təlim-məşq toplanışlarına gəlmiş xarici ölkə gimnastlarının məşqləri keçirilib. Bundan başqa, köməkçi zalda ayrı-ayrı vaxtlarda gimnastika növləri üzrə yerli çempionat və birinciliklər təşkil edilib.