Sərtləşdirilmiş karantin rejiminin yumşaldılmasına baxmayaraq Gəncədə maarifləndirmə xarakterli reydlər davam etdirilir. Reyddə növbəti dəfə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Əkbər İsmayılov iştirak ediblər.
Unikal.org xəbər verir ki, şəhər rəsmiləri iri market, mağaza, geyim dükanları və apteklərə baş çəkib, şəhərdə fəaliyyət göstərən iaşə obyektlərində olublar.
Sözügedən məkanlarda xüsusi karantin rejiminin tələblərinə hansı səviyyədə əməl edildiyi ilə maraqlanıb, satıcı və alıcılarla, habelə sahibkarlarla profilaktik söhbətlər apararaq, izahetmə-xəbərdarlıq işləri həyata keçiriblər.
Reyd zamanı ictimai nəqliyyat vasitələrinin sürücüləri və sərnişinlərlə də söhbətlər aparılıb. Onlara gigiyenik vasitələrdən və tibbi maskalardan istifadənin, fiziki (sosial) məsafənin gözlənilməsinin zəruriliyi, qaydalara riayət olunmasının vacibliyi bir daha xatırladılıb. Qeyd edilib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında pandemiya ilə mübarizədə görülmüş bütün işlərin mərkəzində Azərbaycan vətəndaşlarının sağlamlığı dayanır. Sırf bu səbəbdən də kimliyindən, sosial statusundan, yaşından və vəzifəsindən asılı olmadan hər bir vətəndaş bu məsələdə məsuliyyətli olmalı, birlik, həmrəylik nümayiş etdirməlidir.
Sakinlər də öz növbələrində COVİD-19 infeksiyasının şəhər ərazisində daha da geniş yayılmasının qarşısının alınması istiqamətində görülən işləri müsbət dəyərləndirdiklərini bildirib, Koronavirusla mübarizədə qabaqlayıcı və təxirəsalınmaz tədbirlərin görülməsini daim diqqətdə və nəzarətdə saxlayan Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin təşəkkürlərini ifadə ediblər.
Qeyd edək ki, Gəncədə xüsusi karantin rejimi ilə əlaqədar keçirilən reydlər bundan sonra da davam etdiriləcək.