Oktyabrın 31-də Gürcüstanda keçirilən 10-cu çağırış parlament seçkilərində hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası qalib gəlib.
Unikal.org xəbər verir ki, Gürcüstan Mərkəzi Seçki Komissiyası (CESKO) səslərin sayılmasının 99.7%-ni tamamlayıb və nəticələrə əsasən hakim partiya səslərin 48,16%-ni qazanıb.
Onun ən yaxın rəqibi olan “Vahid Milli Hərəkat - Birləşmiş Gürcüstan” seçki bloku isə ümumi səslərin 27,12%-ni toplaya bilib.
Gürcüstan parlamentinin sədri Arçil Talakvadze bildirib ki, hakim partiyanın topladığı səslərin ona hökuməti təkbaşına formalaşdırmaq imkanı verəcək.
Ötən gün keçirilən seçkilərin nəticəsinə əsasən "Gürcü Arzusu" partiyasının proposional 62, majoritar 14 namizədi parlamentin üzvü seçilib. Beləliklə partiya koalisiya yaratmadan hökumət formalaşdırmaq üçün tələb olunan minimum 76 millətvəkilinə sahib olub.
Digər partiyalara gəlincə, “Avropalı Gürcüstan” 3,78%, “Vətənpərvərlər Alyansı” 3,15%, “Aqmaşenebeli Strategiyası” 3,15%, “Lelo” 3,16%, “Qirçi” 2,89%,“Vətəndaşlar – Eliko Elisaşvili” 1,33% “Leyboristlər” 1% səs əldə edib.
Qeyd edək ki, seçki bariyerinin 1%-ə endirilməsi nəticəsində “Lelo”, “Qirçi”, “Leyboristlər” və “Vətəndaşlar – Eliko Elisaşvili” partiyaları parlamentdə təmsil olunmaq imkanı əldə ediblər.