“Hazırda Ermənistanda hakimiyyətə qarşı etiraz dalğası başlayıb. Narazı kütlə bunun günahını Paşinyanda, Paşinyan isə bu prosesləri təşkil edən oliqarxlarda görür”.
Bu fikirləri Unikal.org-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib.
O bildirib ki, Ermənistanda baş verən narazılıq acı məğlubiyyətlə barışa bilməmələrlə bağlıdır: "Heç cür razılaşa bilmirlər ki, onlar təslim olurlar və eyni zamanda, işğalçı silahlı birləşmələri Azərbaycan ərazisindən çıxarılır. Elə başa düşürlər ki, bütün baş verənlərin səbəbkarı Nikol Paşinyan və onun komandasıdır. Paşinyan iddia edir ki, oliqarxların əsas marağı hakimiyyətin devrilməsidir. Bununla imzalanmış sənədin parlamentdə ratifikasiya olunmamasına nail olmağa çalışırlar. Əsas məqam ondan ibarətdir ki, onların Qarabağa qoyduğu bütün qanunsuz sərmayələr, qaçaqmalçılılıq iflasa uğrayır. Bunun günahını isə Paşinyanda görürlər. Bunlar çalışırlar ki, parlamenti toplasınlar və proseslərə yenidən hüquqi qiymət versinlər və buna görə də mitinqlər təşkil edirlər".
Millət vəkili onu da qeyd edib ki, bütün səbəblər məqsəddən doğur, yəni, burada səbəb də var, məqsəd də: "Məqsəd ondan ibarətdir ki, sülh müqaviləsini imzalamasınlar. Düşünürəm ki, hər hansı təsirdən söhbət gedə bilməz. Paşinyan gedəcək, yerinə başqası gələcək. Bu Qarabağ məsələsinə necə təsir edə bilər ki? Ən uzağı bunlar o sənədlə razılaşmaya bilər, razılaşmasalar, biz də hərbi əməliyyatlara davam edə bilərik. Eyni zamanda, bu bəyanatda Rusiyanın da imzası var. Rusiyanın oradakı bazası tam hazır vəziyyətə gətirilib. Yəni, inandırıcı deyil ki, bunların Qarabağ məsələsinin həllinə hər hansı mənfi təsiri olsun”.
Coşqun Əli