Varşava şəhərində Polşa Azərbaycanlıları Koordinasiya Şurasının və Polşadakı azərbaycanlı icmanın təşəbbüsü ilə “Qarabağ Azərbaycandır!” şüarı altında avtoyürüş keçirilib.
Unikal.org xəbər verir ki, avtoyürüşə Varşava şəhərində yaşayan azərbaycanlılarla yanaşı Krakov, Qdansk və Lublin şəhərində yaşayan həmvətənlərimiz, eləcə də Ukrayna icmasının nümayəndələri qoşulub.
Həmvətənlərimiz Azərbaycan bayraqları asılan maşınlarla şəhər küçələri boyunca dövrə vurub, xarici ölkələrin Polşadakı səfirliklərinin qarşısından keçib və sonda mərkəzi meydançaya toplaşaraq havaya fişənglər atıblar. Yürüş iştirakçıları müqəddəs bayrağımızın qədim mədəniyyət beşiyi olan Şuşa şəhərində yenidən dalğalanmasının Azərbaycandan kənarda yaşayan hər bir azərbaycanlıya qürur və sevinc bəxş etdiyini bildiriblər. Azərbaycanlı icmanın nümayəndələri döyüş meydanında qazanılan şanlı qələbəyə görə Ali Baş Komandan İlham Əliyevə və müzəffər ordumuza minnətdarlıqlarını ifadə ediblər.
Daha sonra yürüş iştirakçıları Polşadakı Azərbaycan Evini ziyarət edərək üçrəngli Azərbaycan bayrağı ilə xatirə fotosu çəkdiriblər.