Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə koronavirusa yoluxmuş şəxslərin yaşadıqları ünvanı tərk etdikləri müəyyən edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Unikal.org-a verilən məlumata görə, Mingəçevir şəhəri ərazisində qurulmuş karantin postunda koronavirus infeksiyasına yoluxmuş və yaşadığı evi tərk etmiş şəhər sakinləri F.Ağayev və onun arvadı T.Ağayeva özlərinə məxsus “Hyundai” markalı avtomobillə Gəncə şəhərinə getmək istəyərkən saxlanılıblar. Müəyyən edilib ki, koronavirus testlərinin nəticəsi pozitiv çıxdığına görə, onlara ev şəraitində müalicə təyin olunub, qaydalara riayət etmələri tapşırılıb. Lakin onlar qaydaları pozaraq yaşadıqları evi tərk ediblər.
Polis əməkdaşları tərəfindən əraziyə həkim briqadası dəvət olunub və həmin şəxslər yaşadıqları ünvana geri qaytarılıblar. F.Ağayev və T.Ağayeva barəsində Mingəçevir Şəhər Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.