Noyabrın 20-də Azərbaycan Dillər Universiteti (ADU) ilə Fransanın Azərbaycandakı səfirliyi arasında bir neçə ay əvvəl birlikdə keçirilməsi planlaşdırılan beynəlxalq konfrans ətrafında fikir mübadiləsi aparılıb.

Universitetdən Unikal.org-a verilən məlumata görə, söhbət zamanı konfransa hazırlıq işlərinin normal getdiyini qeyd edən ADU-nun Elm və innovasiya məsələləri üzrə prorektoru, professor Novruz Məmmədov bildirib ki, son vaxtlar Fransa rəhbərliyinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münasibəti ilə bağlı mövqeyi Azərbaycanda böyük narazılığa səbəb olub.

Belə mövqe həm beynəlxalq hüquq baxımından, həm Fransanın Minsk qrupunun həmsədri kimi, həm də BMT TŞ-nın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəlmiş dörd qətnaməsinə müəllifliyi baxımından ədalətli mövqe deyil, hətta Fransanın əvvəlki prezidentlərinin mövqeyinə də ziddir.

Belə mövqe bu gün Fransanın orden və medallarını daşıyan Azərbaycan vətəndaşlarını xüsusilə narazı salıb. Proses belə davam edərsə, onlar orden və medallardan imtina edərək onları qaytarmaq qərarına gəliblər. Qondarma Dağlıq Qarabağın müstəqilliyinin tanınması məsələsinin Fransa senatında müzakirəyə çıxarılması təklifi də, ümumiyyətlə, Azərbaycanla Fransa arasında mövcud münasibətlərin ruhuna uyğun gəlmir və bu münasibətlərə zərbə vurur.

Beləliklə də, Fransa tərəfinin indiki mövqeyi Beynəlxalq konfransın keçirilməsinə şərait yaratmır. Konfransın keçirilməsinin Fransanın proseslərə mövqeyindən asılı olduğunu bildirən Novruz Məmmədov Universitet rəhbərliyinin qərarı ilə onun təxirə salındığını bildirib.