Ermənistan mətbuatı prezident Armen Sarkisyan siyasi oyunlara qoşulduğu barədə yazır.
Unikal.org xəbər verir ki, bu mövzuda daha bir materialı "İrates" qəzeti dərc edib.
Qeyd olunur ki, bu vaxta qədər parlament respublikası üsul-idarəsi çərçivəsində ölkənin ictimai-siyasi həyatında passiv rol oynayan və kölgədə qalmağı seçən prezident daha çox xarici səyahətlərdə vaxtını keçirib, "balaca uşaqlarla dondurma və hamburqer yeyərək" fəaliyyət göstərib. Nikol Paşinyanın anti-konstitusion addımlarına, qanunsuz əməllərinə göz yumub.
Lakin yeni dönəmdə əlverişli siyasi şəraitin yarandığını görən Armen Sarkisyan Paşinyan hakimiyyətinin zəifləməsindən istifadə etmək niyyətindədir. Açıq mətnlə Nikol Paşinyan və komandasının istefa verməli olduğunu dilə gətirən Ermənistan prezidentinin komanda yaradıb parlament seçkilərinə qatılmaq arzusu olduğu deyilir. Qəzetin məlumatına görə, artıq yaxın çevrəsi ilə məsləhətləşmələr aparan A.Sarkisyan bir neçə namizədlə komanda qurulması istiqamətində danışıqlar mərhələsindədir.